Saakaşvili-İvanişvili qarşıdurması səngimir
Saakaşvili-İvanişvili qarşıdurması səngimir

Saakaşvili: "Cavahetiya tamamilə rusların əlindəydi"

Gürcüstanın baş naziri İvanişvilinin siyasətdə yeni adam olduğu və tez-tez naşı addımlar atdığı artıq heç kimə sirr deyil. Ekspertlər də hesab edirlər ki, məşhur və zəngin iş adamı olmasına baxmayaraq gürcü baş nazir siyasi-diplomatik baqajına görə çox yoxsuldur.

Bununla belə gürcü seçicisi ötən parlament seçkilərində onun başçılıq etdiyi seçki blokuna səs verdi və Gürcüstanın yeni konstitusiyasına görə, bu ölkənin əsas icra səlahiyyətləri onun ixtiyarına keçdi.
Amma bir məqamı xüsusilə vurğulamalıyıq və fikrimizcə, bu məqam Gürcüstandakı prosesləri diqqətlə izləyən ekspertlərin diqqətindən yayınıb.
Məlum olduğu kimi, gürcülərin yeni konstitusiyası prezident Saakaşvilinin təşəbbüsü ilə işlənib hazırlanıb və bu sənədə görə, qonşu dövlət bundan sonra parlamentli respublika olacaq, yəni icra səlahiyyətlərinin əksəriyyəti baş nazirin ixtiyarına keçir.
Fikrimizcə, Saakaşvili bu sənədi hazırlatdırarkən özünə çox güvənirdi ki, növbəti seçkiləri də asanlıqla uda biləcək və başqa formatda yenidən hakimiyyətdə qalacaq. Necə deyərlər, Vladimir Putinin təzədən hakimiyyətə qayıtmaq manevrini Saakaşvili başqa biçimdə hazırlayıb ortalığa qoymaq niyyətindəydi.
Amma Saakaşvilinin saydıqları ilə fələyin saydıqları düz gəlmədi və Gürcüstandakı məşhur "qızılgül inqilabı"nın məşhur müəllifi oyundankənar duruma düşmək üzrədir.
Güman ki, Saakaşvili bu hesablamanı apararkən bir siyasətçi kimi çox sadə bir həqiqəti unutmuşdu: ortastatistik seçicinin yaddaşı çox qısa olur.
Gürücü prezident düşünürdü ki, inqilab rəhbəriyəm, ölkədə korrupsiyanın kökünü kəsmişəm və s. və i.a.
Amma gürcü xalqı onun hesabını yanlış çıxartdı. Əvəzində isə indiki baş nazir İvanişvili Saakaşvilinin ona etdiklərinin əvəzini çıxmaqdadır. Amma İvanişvili də bu baxımdan olduqca primitiv addımlar atır. Yəni Saaakaşvili nələri etmişdisə, İvanişvili hamısını tərsinə edir...
İvanişvilinin növbəti "tərsinə addım"larından biri isə Cavahetiya ermənilərinin Saakaşvilinin dönəmində həbs edilmiş lideri Vahan Çaxalyanı vaxtından əvvəl azadlığa buraxmasıdır.
Bu hadisə Saakaşvili tərəfindən çox kəskin şəkildə qarşılandı. O hesab edir ki, Vahan Çaxalyan daha beş il həbsxanada oturub azadlığa çıxsaydı, Gürcüstan üçün heç bir problem yarada bilməzdi.
Prezident öz iqamətgahında Suxumi universitetinin müəllim və tələbə heyəti ilə keçirdiyi görüşdə fikrini belə aydınlaşdırır: "Əgər vaxtında Ardzinba həbs edilsəydi, bu gün Abxaziyada baş verənlər baş verə bilməzdi"
Prezident deyib ki, "Rusiyanın agentlərini və üsyançılarını siyasi məhbus adlandırmış yeni Gürcüstan hökuməti olduqca təhlükəli cinayətkarı azadlığa buraxıb. Sual verə bilərlər ki, niyə fikirləşirsiniz bir nəfəri həbs etməklə problemi həll etdiyinizi düşünürsünüz? Əlbəttə, bir nəfəri həbs etməklə bütün problemləri həll etmək olmaz. Lakin biz bu illərdə Cavahetiyada çox problemləri həll etmişik".
Onun sözlərinə görə, "Əvvəllər bu regionun qalan Gürcüstanla heç bir əlaqəsi yox idi və xaricə bircə yolu vardı - İrəvana. Gürcüstanın keçmiş hökuməti isə regionu Tiflislə birləşdirən dəmiryolu çəkdi. Batumi istiqamətində yol salındı, daha bir yol isə Kutaisiyə qədər çəkildi".
Saakaşvili xatırladıb ki, "Bundan başqa, Gürcüstanı Avropa ilə birləşdirəcək böyük bir dəmiryolun xətti salınır".
O, qeyd edib ki, "Nə qədər ki, bu işlər görülürdü və burada dövlətçilik bərpa edilirdi, bölgənin əhalisi susurdu. Amma indi Gürcüstan dövlətinin dağıtmaq istəyirlərsə, mən mütləq səsimi qaldıracağam".
Onun dediyinə görə, baş nazir Bidzina İvanişviliyə şəxsən deyib ki, Skrılnikovu və Çaxalyanı həbsdən buraxmasın.
Saakaşvili bildirib: "Əfvlə bağlı hökumətlə sakitcə xeyli danışdıq. Giqa Bokeriya daxili işlər naziri iə bu barədə həftələrlə danışıb, David Bakradze Usupaşvili ilə danışıb, mən özüm İvanişvili ilə danışmışam. Əminliklə deyirdik ki, Skrılnikovu, Çaxalyanı və başqalarını azadlığa buraxmayın. Əfv bir problemdir. Problem bundadır ki, artıq qarətlər başlayıb. Lakin bunun öhdəsindən gəlmək olar. Onlar indi deyirlər ki, "Kim cınqırını çıxartsa, geri - həbsxanaya qaytararıq. Heç kimi qaytarmayacaqlar. "Qızılgül inqilabı"na qədər bir nəfər polis də Cavahetiyaya girə bilməzdi. Bu problemi həll etmək üçün mənə iki il lazım oldu. Bu ərazi tamamilə rusların əlindəydi. Rusiyanı məcbur etdik ki, qoşunlarını Acarıstandan çıxcartsın. Demək istəyirəm ki, biz, həqiqətən də, ehtiyatlı olmalıyıq. Gürcü dövləti gəncdir və dağıdılmağa məhkum deyil. Mən, sadəcə, istəmirdim ki, cin butulkadan buraxılsın".
Savalan