“Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Yük Hədəfləmə Sisteminin (YHS) Azərbaycan Gömrük Xidmətində tətbiqi ilə bağlı görülmüş işlərin yekunlaşmasını nəzərdə tutan sənədi imzaladıq”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev tvitter sosial şəbəkəsində etdiyi paylaşımda qeyd edib.
“YHS-nin proqram təminatından istifadə risklərin qiymətləndirilməsi və idarəedilməsi üçün olduqca əhəmiyyətlidir”, - deyə Səfər Mehdiyev əlavə edib.
Xatırladaq ki, Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında 27 aprel 2020-ci il tarixində Yük Hədəfləmə Sisteminin proqram təminatının tətbiq edilməsi üzrə Müqavilə imzalanıb. YHS yüklərə dair məlumatların toplanmasına, saxlanmasına və mübadilə edilməsinə imkan yaratmaqla risklərin qiymətləndirilməsi və idarəedilməsi üçün hazırlanmış bir proqramdır. Bu sistem, yüksək riskli yüklərin müəyyənləşdirilməsinə və aşağı riskli yüklərin gömrük sərhəd buraxılış məntəqələrindən keçidinin sürətləndirilməsinə, bununla da ticarətin asanlaşdırılmasına və təhlükəsizliyinin təmin edilməsinə imkan yaradır.