Ağsuda inqilab ola bilər
11:51 01-02-2013
İQTİSADİYYAT
Ağsuda inqilab ola bilər
Səlim Müslümovun icra başçısı olan dayısından rayon sakinləri kəskin narazıdır
Son vaxtlar ölkənin ayrı-ayrı rayonlarında yerli icra hakimiyyəti orqanlarının rəhbərlərindən narazılıqlar silsilə aksiyalarla müşahidə olunur. Artıq son bir həftədə bir neçə rayonda yerli məmurların özbaşınalığı, qanunsuz əməlləri sakinləri küçələrə çıxmağa, etirazlarını ən radikal formada nümayiş etdirməyə sövq edib.
Belə bir vaxtda Ağsu rayonundakı qaynaqlardan "Unikal"a bildirilib ki, bu rayonda da gərginlik hökm sürür. Yerli əhalinin narazılıqları özünü açıq şəkildə biruzə verməsə də, ağsulular arasında ictimai, sosial və iqtisadi səpkili narazılıqlar get-gedə güclənir.
Qeyd edək ki, hazırda Ağsu rayonuna Ənvər Seyidəliyev başçılıq edir. O, 2007-ci ildən bu vəzifəni tutur.
Seyidəliyevin Ağsuya icra başçısı təyinatı isə təsadüfi deyil; onun Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun dayısı olduğu bildirilir. İddialara görə, məhz Müslümovun himayəsi sayəsində Seyidəliyev
karyera yollarında yeni yüksəliş hədəfləyir - Bakı rayonlarından birinin icra hakimiyyətinin başçısı postuna iddia edir. Amma onun bu iddiasının gerçəkləşməsi az ehtimal olunandır - məsələ burasındadır ki, əgər Ağsuda vətəndaşların narazılıqları yoluna qoyulmasa, burada sakinlərin etirazı körüklənə və DSMF sədrinin qohumu "yana" bilər.
Rayondakı mənbələrdən verilən məlumatlara görə, Ənvər Seyidəliyevlə bağlı narazılıqların əsasını onun yüksək vəzifələrə öz yaxın qohumlarını təyin etməsidir. Məsələn, rayon maliyyə şöbəsinin müdiri, Ağsu Mərkəzi Xəstəxanasının baş həkimi, bir çox bələdiyyə sədrləri və kənd icra nümayəndələri Seyidəliyevlə yaxın qohumluq əlaqələrinə malikdir. Elə bu səbəbdən, məsələn, Mərkəzi Xəstəxanada rüşvət tüğyan edir. Ağsuya ayrılan dövlət vəsaitinin isə təyinatı üzrə və şəffaf xərclənməsi ciddi şübhə altındadır. Rayon Sosial Müdafiə Fondunda isə pensiyaların təyin olunması zamanı süründürməçiliyə yol verilməsi və vətəndaşlardan "haqq" istənilməsi də gələn iddialar arasındadır.
Ümumiyyətlə, verilən məlumatlarda Ənvər Seyidəliyevin Ağsudakı "qohumbazlıq hakimiyyəti" haqqında konkret aşağıdakılar məlumdur:
"Kapitalbank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin doğma qardaşıdır.
Səlim Müslümovun bibisinin əri, dolayısı ilə də Ənvər Seyidəliyevin qohumu Ağsu Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorudur.
Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə Səlim Müslümovun başqa qardaş, yəni Seyidəliyevin başqa bir dayısıdır..
Ağsu bazarı icra başçısının başqa bir qohumu olan Varis Nəzərovun nəzarətindədir.
Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyevə gəldikdə, o, rayon polis şöbəsinin rəis müavini işləyir.
Bütün bunlar işsizlik, yoxsulluq içində çabalayan Ağsu rayonunda yerli məmurlardan ciddi narazılıq yaranıb. Həmin narazılığın başlıca hədəfi isə məhz icra başçısının özüdür - çünki sakinləri incidən məmurlar yuxarıda da qeyd etdiyimiz kimi ya Seyidəliyevin qohumlarıdır, ya da birbaşa onun himayə etdiyi, özünə yaxın bildiyi məmurlardır.
Seyidəliyevlə bağlı iddialardan biri isə Müslümovun bacısıoğlu olan icra başçısının rayondakı keçmiş RTS-in həyətində özünə daş karxanası yaratması ilə bağlıdır. Deyilənə görə, həmin karxana icra başçısının əsas gəlir mənbələrindən biri sayılır. Belə ki, vaxtı ilə RTS-in müdiri olmuş Ə.Seyidəliyev elə həmin yeri özəlləşdirib. Sonra bu ərazidə yaratdığı daş sexi ilə də qazanc əldə etməyə başlayıb. Bu daş sexi indi böyük
karxanaya çevrilib və Bakıya da başçının obyektindən mal daşınır.
Məlumatda qeyd olunur ki, rayonda tez-tez yolların qıraqlarına səki çəkilişi aparılır. Bunun səbəbi isə odur ki, yola döşənən daşlar məhz Seyidəliyevin sexindən gətirilir. Buna görə isə dövlət büdcəsindən rayona ayrılan vəsait xərclənir. Qısaca, icra başçısı dövlət büdcəsi hesabına "daş biznesi"ni çiçəkləndirir.
Belə bir vəziyyətdə isə Ağsunun bəzi rayonlarda başlayan lokal xalq üsyanlarının növbəti dayanacağı olması heç kimi təəccübləndirməməlidir. Rayondakı yüksək vəzifələrin icra başçısı tərəfindən qohumları arasında bölüşdürülməsi, onların əlində geniş maliyyə imkanlarının cəmləşməsi, rayon əhalisinin böyük hissəsinin isə kasıblıq həddində yaşaması əlbəttə, təsirsiz qala bilməz. Əgər bu rayonda da bəzi bölgələrdəki kimi, camaatın etirazları alovlanarsa, gərək heç kim sadə vətəndaşları qınamasın.
Unutmasın ki, hər bir mümkün xoşagəlməzliyin məsuliyyəti ilk növbədə Seyidəliyev və qohumlarının Ağsudakı yerli hakimiyyətinin üzərindədir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35