Amerika Azərbaycan sarıdan narahatdır
11:56 01-02-2013
İQTİSADİYYAT
Amerika Azərbaycan sarıdan narahatdır
Riçard Kozlariç: "Amerika Azərbaycanı daxilində parçalanmalar gedən, zəif dövlət kimi görmək istəmir, bunda maraqlı deyil"
Hazırda Azərbaycanda gedən proseslər dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Fikrimizcə, bu maraq daha çox Azərbaycanın tutduğu geopolitik vəziyyətlə bağlıdır və Qərb dünyasının ölkəmizdə baş verənləri narahatlıqla izləməsi daha çox Rusiya və İran amillərindən ehtiyatlanmaqla əlaqəlidir.
Qəribəsi budur ki, rayonlarda baş verən sosial məzmunlu etiraz aksiyaları bir qayda olaraq sanki müəyyən qrafik üzrə baş verir. Və bu qrafik elə bil hansısa mərkəzdən idarə edilir.
Oxucu xatırlayır ki, ilk qığılcım İsmayıllıda göründü və bu qığılcımın kəskin alova çevrilmək ehtimalı çox yüksək idi. Hətta İsmayıllı hadisələri ötən ilin martında Qubada baş verənlərdən daha güclü effekt yaratdı.
Ölkənin güc strukturları çevik tərpəndi və hadisələr yeni-yeni ocaqlara keçmədən qarşısı alındı.
İsmayıllının ardınca Neftçalada insident yaşandı...
Və bu gün artıq gündəmdə İmişlidir...
Fikrimizcə, ölkənin bu cür silsilə etiraz dalğalarına bürünməsini heç kim istəməz.
Bəs hökumət məmurları və rayonların icra başçıları necə?
Hər halda Bakıda əyləşmiş yüksək rütbəli dövlət mənsubları bu sualımız barədə ciddi şəkildə düşünsələr, pis olmaz...
Artıq Qərb dairələri də Azərbaycanın bölgələrində baş verən hadisələrlə bağlı narahat olmağa başlayıb.
Belə ki Corc Meyson Universitetinin əməkdaşı 1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Riçard Kozlariç Azərbaycanda gedən prosesləri təhlil edərkən deyib ki, "Yanvar ayında Azərbaycanda baş verənlərə gəlincə, təxminən, 1 il qabaq Qubada da İsmayıllıya bənzər hadisələr baş vermişdi. Bütün bunlar mənə Çində baş verənləri xatırladır. Yəni korrupsiyalaşmış məmurların qohumları, övladları bütün cəmiyyətlə açıq konfliktə girirlər. Çünki çox kiçik bir azlığın korrupsiyalaşması, böyük var-dövlət toplaması artıq çox diqqət çəkir, gözə girir. Bunun bu qədər aşkar baş verməsi, gözə girməsi sosial media vasitəsilə artıq bir rayonda baş vermiş hadisə olmaqdan çıxır, əgər əvvəl bunu yalnız həmin rayondakı adamlar bilirdisə, indi bütün Azərbaycan bundan xəbər tutur. Elə bütün dünya da. Həmin hadisələr çox tez yayılıb beynəlxalq ictimai rəyə təsir edir. Mən ərəb inqilabı baş vermiş ölkələrlə müqayisə etmək istəməzdim, amma başqa ölkələrdə baş verənlərin təcrübəsindən məlumdur ki, paytaxtdan kənar baş verən bu tipli hadisələr daha böyük iğtişaşlara yol aça bilər".
Keçmiş diplomatın sözlərinə görə, "Qərbdə bundan narahat olurlar. Elə Amerika da Azərbaycanı daxilində parçalanmalar gedən, zəif dövlət kimi görmək istəmir, bunda maraqlı deyil. Əksinə, Azərbaycanın güclü, çiçəklənən dövlət olmasını istəyir. Əsl sabitliyin yaranması insanların qanun qarşısında bərabərliyindən asılıdır. Mən Amerika səfirliyinin, yaxud başqa qurumların bəyanatlarını oxumamışam, amma Amerikanın Azərbaycanla bağlı siyasətinin uzun müddətdir ki, eyni məntiqə söykənməsi əsasında bilirəm ki, ABŞ Azərbaycanda hadisələrin belə inkişafından narahat olmaya bilməz. Qarabağ məsələsini də yaddan çıxarmayaq. Bölgəyə sülhü yalnız sabit, demokratik hökumətlərin rəhbərləri gətirə bilərlər. İstər Azərbaycan, istərsə də Ermənistan mühüm seçkilər ərəfəsindədir".
Kozlariç hesab edir ki, "Sosial medianın olmadığı dövrlərdə korrupsiya hallarını gizli saxlamaq, bundan çox adamın xəbər tutmasının qarşısını almaq mümkün idi. İndi belə hallar dərhal yayılıb hamıya məlum olur. Ölkənin gəlirindən faydalana bilməyən çoxluğun faydalanan azlığın dəbdəbəli həyatını görməsi çox böyük gərginliyə səbəb ola bilər. Mənim eşitdiyim budur ki, İsmayıllıda yerli icra hakimiyyəti başçısının qohumu taksi sürücüsünə hücum çəkib və taksi sürücüsünü qorumalı olan qanun faktiki olaraq tapdalanıb, ona əməl edilməyib. Əgər həm biznes sahəsində bərabərlik yoxdursa, hamı qanun qarşısında bərabər deyilsə, həm insanların təhsil və səhiyyədən bəhrələnmək imkanları bərabər deyilsə, bu, cəmiyyətin dayaqlarını sarsıdır və uzun müddət həll edilməyəndə bu problem sağalmaz xəstəliyə - xərçəngə çevrilir. Özü də fərqi yoxdur, Azərbaycan olsun, yaxud Çin, Rusiya. Bu bərabərsizlik həm də belə cəmiyyətlərdə hökumət başında duranların legitimliyini şübhə altına qoya bilər".
Yaxın aylarda bizi nə gözləyir? Narahat və çalxalanan bir ölkə, yoxsa sakit siyasi-sosial islahatların keçirildiyi bir dönəm?
Fikrimizcə, bu sualın cavabını meydana çıxanlardan yox, öz rüşvətxorluğu və işbilməzliyi ilə əhalini meydana tökən hökumət məmurlarından almaq lazımdır...
Nadir
Digər Xəbərlər
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42