Amerika prezidenti Co Baydenin aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi dünya siyasətində müasir dövrdə hökm sürən ikili standartların ən bariz nümünəsidir.
Tarixi hadisələri və faktları inkar edən erməni “tarixçiləri” və siyasətçiləri Birinci Dünya müharibəsi zamanı baş vermiş hadisələri saxtalaşdıraraq Türkiyə Cümhuriyyətinə qarşı təzyiq vasitəsi kimi istifadə etmişlər. Əslində nə baş vermişdir. Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyası ərazisində yaşayan ermənilər Car Rusiyasının 1914-cü ildə Osmanlı dövlətinə qarşı Qafqaz cəbhəsini açmasından istifadə edərək Rusiyanın dəstəyi ilə erməni dövləti yaratmaq iddiasına düşmüşdülər. Bu məqsədlərinə nail olmaq üçün erməni silahlı dəstələri və təşkilatları Osmanlı dövlətinə qarşı ölkə daxilində üsyanlar təşkil etmiş və dinc türk əhaliyə qarşı vəhşiliklər törətməyə başlamışlar. Dövlətə qarşı üsyan qaldırmış erməni üsyançıları həbs edilmiş və onların bir hissəsi ölkədən çıxarılmışdır.Ermənilər 1915-ci ilin 24 aprelində baş vermiş bu hadisələrdən öz məqsədləri üçün istifadə etməyə başlamış, o vaxtdan başlayaraq dünyada ermənilərin “yazıq və əzilən, məzlum millət” obrazını yaratmaq üçün saxta təbliğata başlamışlar. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməni diasporu erməni soyqırımı təbliğatının aparılmasında başlıça rupora çevrilmişdir.
Təəssüflər olsun ki, dünyanın bir çox aparıcı ölkələri, o cümlədən ABŞ və Qərbi Avropa dövlətlərinin bir çox ölkələri erməni yalanının yayılması və dövlət səviyyəsində tanınmasında erməni diasporunun təsiri altında qərarlar qəbul etmişlər.
Yeni seçilmiş ABŞ prezidenti Co Baydenin 2021-ci il aprelin 24-də “erməni soyqırımı” ifadəsini işlətməsi də erməni diasporunun Amerika siyasətinə təsirinin nəticəsidir. Maraqlıdır ki, Barak Obamanın prezidentliyi dövründə vitse-prezident vəzifəsini tutmuş Bayden “erməni soyqırımı” ifadəsinin işlədilməsinin əleyhinə olmuşdur. Lakin özünün prezident seçilməsi kampaniyasını apararkən erməni diasporunun dəstəyini almaq məqsədilə onlara verdiyi vədinə əməl edərək saxta erməni soyqırımı ifadəsinin işlətmişdir. Hesab edirik ki, Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi təkcə erməni diasporunun könlünü xoş etmək niyyəti ilə edilməmişdir. Bu, həmçinin dünya siyasətində əsas oyunçulardan birinə çevrilən, müstəqil və ədalətli siyasət yeridən Türkiyə Cümhuriyyətinə qarşı təzyiq metodlarından biridir.
Məyusedici hal ondan ibarətdir ki, türklərə qarşı törədilən, o cümlədən müstəmləkəçi ölkələrin, elə ABŞ-ın Amerikanın yerli sakinləri olan hindulara qarşı, Fransanın XIX əsrdə Əlcəzairdə törətdiyi soyıqırımları yada salan yoxdur.
XX əsrin əvvələrində, 1905-1906-ci illərdə, 1918-ci ildə Azərbaycan türklərinə qarşı ermənilərin törətdiyi vəhşilikləri dünya ictimaiyyəti və özlərini demokratiyanın beşiyi hesab edən ölkələr qəbul etmək istəmirlər. Dünyanın XX əsrin sonunda şahidlik etdiyi ən qanlı bəşəri cinayətlərdən olan Xocalı soyqırımını özünü ədalət beşiyi esab edən Amerika qəbul etmək istəmir. Eyni zamanda bu gün Azərbaycanın erməni işğalçılarından azad edilmiş ərazilərində ermənilərin törətdikləri vəhşilikləri və cinayətləri dünya birliyi görməzdən gəlir. Bunun əvəzində erməni saxtakarlıqları üzərində qurulmuş və Birinci Dünya müharibəsi zamanı baş verməsi iddia edilən erməni yalanlarını soyqırım kimi bütün dünyaya bəyan edirlər. Amerika prezidenti Co Bayden ermənilərin saxta soyıqırım iddilarını qəbul etməsini bəyan etməklə əslində dünya siyasətində ikili standartların hakim olduğunu bir daha təsdiq etmiş oldu.
Türkiyə Cümhuriyyəti Prezidenti və höküməti Co Baydenin bu bəyanatının heç bir təsiri olmayacağını və onun yanlış olduğunu, ABŞ-Türkiyə münasibətlərinə zərbə vuracağını elan etmişlər. Hər zaman Türkiyənin yanında olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika prezidentinin saxta erməni soyqırımı barədə bəyanatının qəbuledilməz olduğunu bildirmiş, Türkiyənin haqlı davasında onun yanında olduğunu elan etmişdir.
Əminik ki, saxta erməni soyqırmı iddiaları türk xalqlarının birliyinə xələl gətirməyəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin yeritdiyi müdrik siyasət erməni yalanlarının ifşa olunmasında həlledici rol oynayacaqdır.
Professor Ədalət Muradov,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru.