“Türk-erməni cəmiyyətləri arasında bir dövrdə baş verənləri “soyqırımı” kimi qələmə vermək qəflət, cəhalət və gələcəyin məhvidir”.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə müdafiə naziri Hulusi Akar ABŞ Prezidenti Cozef Baydenin “erməni soyqırımı” haqqında açıqlamasını şərh edərkən bildirib.
O, Baydenin “soyqırımı” ifadəsini istifadə etməsinin tarixi həqiqətləri inkar etmək və təhrif etməkdən başqa bir şey olmadığını vurğulayıb.
“Bu ifadəni istifadə edənlər dünyaya və öz tarixlərinə baxmalıdırlar. ABŞ rəhbərliyinin əsaslandırması etibarsızdır, çünki baş verməmiş bir hadisənin təkrarı ola bilməz. Belə bir bəyanat 2020-ci ildən əvvəl istifadə edilmədiyi halda nə dəyişdi ki, belə bir qərar verildi? Amerika xalqının sağlam düşüncəsi bu barədə nə düşünür? Erməni xalqını belə təmsil etməyən lobbilərin rəhbərliyi altında alınan bu qərarın heç bir səbəbi və mənəvi izahı yoxdur. Məlum olmalıdır ki, tarix bu cür siyasi açıqlamalarla yenidən yazıla bilməz. Tarixdən düşmənçilik çıxarmaq və yeni qarşıdurmalar yaratmaq qəbuledilməz və faydasızdır”,- deyə Akar qeyd edib.
Akar bu qərarın Türkiyə - Ermənistan münasibətlərinə və regiondakı sülhə mənfi təsir göstərəcəyini bildirib:
“Belə bir mühitin meydana gəlməsi, xüsusən də Türkiyə - Ermənistan münasibətləri daxil olmaqla bölgədəki sülhə mənfi təsir edəcək. Bölgəmizin dincliyi və əmin - amanlığı erməni diasporu və bundan öz mənafeləri üçün istifadə etməyə çalışan ölkələr üçün deyil, bizim, bölgədəki ölkələrin, Türkiyə və Ermənistanın ortaq bir problemidir”.
H. Akar qeyd edib ki, Türkiyə hər zaman 1915-ci il hadisələri ilə bağlı müzakirələrin siyasilər tərəfindən yox, tarixçilər tərəfindən aparılmasının zəruriliyini müdafiə edib və ABŞ kimi müttəfiqləri də daxil olmaqla üçüncü ölkələrdən də bunu gözləyib: “Ancaq bu qərarla ABŞ rəhbərliyi ABŞ Milli Arxiv və Qeydlərindəki mövcud məlumatlara və sənədlərə, xüsusən də General Harbord Hesabatına məhəl qoymadan rəsmi hesabatlarını və imzalarını inkar edərək erməni diasporasının və bəzi digər mərkəzlərin təzyiqlərinə boyun əyib”.