Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Azərbaycan Prezidentinə ünvanladığı məktuba cavab verib.

Unikal.org nazirliyin cavabını təqdim edir.

"Avropa Şurasının İnsan Hüquqları üzə Komissarının son aylarda Ermənistanla Azərbaycan arasındakı münaqişə ətrafında baş verən insan haqları ilə əlaqəli son inkişafları izləməyə göstərdiyi marağı nəzərə alaraq vurğulamaq istərdik ki, münaqişə 30 ilə yaxın davam edib, nəhəng humanitar əziyyətlərə səbəb olub və yüz minlərlə azərbaycanlının insan haqlarının kütləvi pozuntuları ilə müşayiət olunub. Lakin bütün bu iztirablar və hüquq pozuntuları “Komissarın mandatına aid olmaması” bəhanəsi ilə həm hazırkı Komissarın, həm də onun sələflərinin nəzərindən kənarda qalıb.

Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində Ermənistanın qanunsuz işğal illərində bu ərazilərdə törətdiyi böyük miqyaslı dağıntılar üzə çıxmışdır. Düşünülmüş siyasətin bir hissəsi kimi, yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri dağıdılmış, talan edilmiş və vandalizmə məruz qalmışdır. İşğal olunmuş ərazilərdəki qədim məscidlərin təhqir olunaraq donuz tövləsinə çevrildiyi, müqəddəs məkanlara münasibətdə rüsvayçı davranışı əks etdirən görüntülər və videolar təəssüf ki, çoxdur.

Bundan əlavə, 44 günlük müharibə müddətində beynəlxalq humanitar hüququ açıq şəkildə pozmaqla Ermənistan bir sıra dəhşətli müharibə cinayətləri törədib. Cəbhə bölgəsindən uzaqda yerləşən və sıx məskunlaşmış Gəncə və Bərdə şəhərlərində yaşayış məntəqələrinin, eləcə də Azərbaycanın digər şəhərlərinin ballistik raketlərlə atəşə tutulması yüzdən çox günahsız mülki şəxsin öldürülməsi ilə nəticələndi.

Yenə də bütün bu dəhşətli faktlara Avropa Şurasının İnsan Hüquqları Komissarı tərəfindən təəssüf ki, məhəl qoyulmadı. Heç kimsə mülki əhalinin həyatına və hüquqlarına birbaşa təsir edən bu kimi məsələlərin Komissarın mandatına aid olmadığını iddia edə bilməz.

Qeyd olunanların fonunda, Komissar görünür ki, sözügedən “mandat" tərəfindən qoyulan məhdudiyyətləri unudaraq, siyasi motivli məsələlərə maraq göstərməyə başlamışdır. Əslində bu, Avropa Şurasının müxtəlif qurumları tərəfindən Azərbaycanın tez-tez məruz qaldığı ikili standart və selektiv yanaşmanın başqa bir təzahürüdür.

Ermənistanla Azərbaycan arasındakı qarşıdurmanı “millətlərarası düşmənçilik” və ya “Dağlıq Qarabağda və ətrafında yaşayan etnik icmalar arasındakı şiddətli münasibətlər” kimi təsvir etmək cəhdi çox böyük yanlışlıqdır. Qeyd etmək istərdik ki, münaqişə Azərbaycana qarşı əsassız ərazi iddiaları əsasında, soyqırımı, etnik təmizləmə, insanlığa qarşı digər cinayətlər və ən ağır müharibə cinayətləri də daxil olmaqla dəhşətli cinayətlərlə müşayiət olunub. Bundan əlavə, Komissara xatırlatmaq istərdik ki, məktubunda bəhs etdiyi “Dağlıq Qarabağda və ətraf rayonlarda yaşayan etnik icmalar” anlayışı mövcud deyil, çünki Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdə ermənilərdən başqa heç bir “etnik icma” mövcud olmayıb. Avropa Şurası Parlament Assambleyası (AŞPA) hələ 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməsində “əhalinin kütləvi şəkildə qovulması və dəhşətli etnik təmizləmə konsepsiyasına bənzər monoetnik ərazilərin yaradılması” ilə bağlı narahatlığını dilə gətirmişdi.

Bakıdakı Hərbi Qənimətlər Parkının açılışına görə Komissarın "təəssüf bildirməsi" də eynilə əsassızdır. Qənimətlər Parkı on illərdir davam edən təcavüz və etnik təmizləmə siyasəti üzərində beynəlxalq hüququn və ədalətin təntənəsinin rəmzidir. Azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda müharibədəki qələbəni ölümsüzləşdirmək, Avropa Şurası bölgəsi də daxil olmaqla, bir çox xalqlar tərəfindən geniş tətbiq olunan bir təcrübədir. Park, dünyanın digər guşələrindəki bənzətmələr kimi, irqçiliyin, ayrı seçkiliyin və dözümsüzlüyün uğur qazanma şansının olmadığını açıq şəkildə xatırladır. Bura indiki və gələcək nəsillər üçün təcavüz və dözümsüzlük siyasətinin təhlükələri haqqında bir təhsil yeridir və həqiqəti axtarmaq üçün müvafiq məkandır.

Millətlərin müstəmləkə keçmişini təriflədikləri və müstəmləkə edilmiş xalqlara qarşı dəhşətli cinayətlərə dair dəlillərin nümayiş etdirildiyi “humanizmdən uzaq səhnələr” və ya “narahatedici və alçaldıcı görüntülər” Avropa Şurasının digər yerlərində axtarılmalıdır.

Müharibə bitdikdən beş ay sonra, hələ də Ermənistan cəmiyyətində nifrət və Azərbaycanofobiya təzahürü müşahidə olunur. Azərbaycanla barışıqdan və dinc yanaşı yaşamaqdan danışmağa cəsarət edən hər kəsin “xain” kimi qəbul edildiyini və təhqiramiz şəkildə “Azərbaycanlı” və “Türk” adlandırıldığını görmək narahatlıq doğurur. Üstəlik, məsuliyyətsiz və təhlükəli revanşizm və dözümsüzlük fikirləri dövlət səviyyəsində təbliğ olunur və təəssüf ki, Ermənistandakı bütün siyasi spektrdə paylaşılır.

Bütün bu qınanmalı gedişat, o cümlədən Ermənistan hakimiyyət orqanlarının Azərbaycana və azərbaycanlılara münasibətdə irqçi yanaşmasına görə hər hansı bir erməni məmuruna qarşı cəza tədbirinin görülməməsi bu günədək Komissarın diqqətindən kənarda qalmışdır. Azərbaycan ictimaiyyəti Komissarın Ermənistan rəsmiləri tərəfindən bu cür açıq dözümsüzlük, irqçilik və ayrı-seçkilik təzahürləri ilə bağlı atdığı addımlardan xəbərsizdir.

Beləliklə də, 20 aprel 2021-ci il tarixli məktubunun Komissarın işinin müstəqilliyi və qərəzsizliyini şübhə altına aldığı və bunun Komissarın ofisi ilə Azərbaycan arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi vurğulanmalıdır. Üstəlik, məktubun qərəzsiz bir müraciətdən çox uzaq olması, onun “barışıq və barışığın təşviq edilməsi” kimi nəcib hədəfə zidd olduğunu açıq şəkildə nümayiş etdirir. Əksinə, bu, bölgədə mehriban qonşuluq münasibətləri qurmaq prosesini riskə atan revanşist dairələri cəsarətləndirir.

Azərbaycan, Komissarı mandatının tələb etdiyi kimi qərəzsiz olmağa və Avropa Şurasının nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır".