ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də verdiyi açıqlaması səbəbindən Türkiyəyə böyük dəstək verdiyinə görə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına minnətdarıq.
Unikal.org xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan hakim partiyanın sözçüsü bildirib ki, Prezident İlham Əliyevin, ölkə ictimaiyyətinin, o cümlədən Azərbaycanda fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatla ABŞ Prezidentinin açıqlamalarına etiraz edərək Türkiyəyə dəstək verməsi bir daha qardaşlığımızı bütün dünyaya göstərdi.
ABŞ Prezidenti Co Baydenin 24 aprel bəyanatının zaman və tarix baxımdan təhlükəli olduğunu diqqətə çatdıran Ömər Çelik qeyd edib ki, bu açıqlama Azərbaycanın rəşadətlə qazandığı Qarabağ Zəfərindən sonra regionda Ermənistanın da daxil ola biləcəyi əməkdaşlıq şansına mənfi təsir göstərir.