"AST Telman"a Azərbaycandan tərs sillə
12:47 02-02-2013
İQTİSADİYYAT
"AST Telman"a Azərbaycandan tərs sillə
Məşhur milyarderə ölkəmizdə futbol klubu almaq nəsib olmadı
"AST Telman" kimi tanınan məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun Azərbaycanda futbol klubu almasına imkan verilməyib. Bu barədə "Unikal"a məlumatlı bir mənbədən məlumat daxil olub.
Mənbənin bildirdiyinə görə,milyarderin ölkəmizdə futbol klubu almaq niyyəti bir müddət əvvəl ortaya çıxıb. O, əvvəlcə ölkə çempionatının yüksək liqasında mübarizə aparan klublardan birini almaq istəyib. "Amma İsmayılovun bu istiqamətdə səyləri nəticəsiz qalıb, belədə, "AST Telman" yeni klub yaratmaq istəyi baş tutmayıb. Daha doğrusu, belə bir klubun yaradılması üçün ona müraciət edənlərə müsbət cavab verib. Amma yenə də həmin təşəbbüs elə təşəbbüs olaraq qalıb" deyə mənbəmiz əlavə edib.
Bundan sonra isə Telman İsmayılov "Azərbaycan dəftəri"ni növbəti dəfə qapamalı olub.
Maraqlıdır ki, bu yaxınlarda azərbaycanlı milyarderin İsraildə futbol klubu almaq istədiyinə dair məlumat yayılıb. Həmin məlumatda bildirilir ki, Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov Yerusəlimin "Beytar" klubunu almağa hazırlaşır. Bu haqda İsrail mətbuatı xəbər yayıb. Məlumatda bildirilirdi ki, T.İsmayılov "Beytar"ın futbolçularının oyununu stadiondan şəxsən izləmək üçün yanvarın 9-da Qroznıya gedəcək. Həmin gün Çeçenistan paytaxdında "Baytar"la "Terek" arasında oyun keçirilib. İsrail mətbuatı yazıb ki, "Beytar"ın prezidenti Arkadi Qaydamak bir ildən çoxdur klubu satmaq istəyir.
Qeyd edək ki, "Terek"in sponsoru da məhz "AST Telman"dır. Bəzi iddialara görə, həmyerlimiz olan iş adamı adətən biznesini gücləndirmək istədiyi, amma çətinliklə üzləşdiyi və həmin çətinliyi dəf etməyə çalışdığı ölkələrdə bu cür "sponsorluq"lara maraq göstərir. Onun Azərbaycanda da futbol klubu almaq istəməsinin uzun zamandır doğulduğu ölkədə biznes qurmaq marağında olması, amma maneələrlə üzləşməsi ilə əlaqələndirənlər var.
Maraqlıdır ki, hələ üç il əvvəl - 2009-cu ildə də "AST Telman"ın Azərbaycanda idmana "maya" qoymaq arzusunda olduğu barədə məlumatların yayıldığını öyrəndik. Bu barədə "Unikal"ın araşdırması zamanı aydın oldu ki, həmin dövrdə ölkənin idman nəşrlərindən biri yazıb ki, gələn mövsümdən (2010/11) ölkə çempionatında üç yeni klub çıxış edə bilər. Həmin vaxt bildirilmişdi ki, hazırda üç bölgədə yeni klublar yaradılır.
"Yeni yaradılan klublardan biri Qubanı təmsil edəcək. Məlumata görə, şimal rayonunda komandanı məşhur azərbaycanlı iş adamı, "AST" Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılov yaradır. Xanımı əslən Qubadan olan, özü isə "AST Telman" ləqəbi ilə tanınan və hazırda Türkiyədə fəaliyyət göstərən azərbaycanlı multimilyonçunun tapşırığı ilə Qubada klubun formalaşdırılması prosesinə başlanıb. Komandanın gələn mövsümdən etibarən I divizionda çıxış edəcəyi və qarşısına premyer-liqaya vəsiqə qazanmaq tapşırığı qoyulduğu bildirilir" - deyə 2009-cu ildə futbol nəşrlərindən biri qeyd edirdi.
Amma sonradan həmin informasiya təsdiqini tapmadı. Daha doğrusu, aydın olmadı ki, xəbər özü həqiqəti əks etdirmirmiş, yoxsa onda da elə bu yaxınlardakı kimi, "AST Telman"ın futol klubu sahibi olmasına əngəl yaradılıb.
Biz daha çox ikinci variantın üstündə dayanırıq - belə ki, həmin xəbər dövriyəyə buraxıldığı vaxtda "AST Telman"ın Rusiyadakı biznesi çökdürülmüş, O, Türkiyəyə üz tutmaq məcburiyyətində qalmışdı. Həmin vaxt milyarderin Rusiyadakı biznesinin bir hissəsini də Azərbaycana köçürmək istəməsinə dair iddialar vardı. Maraqlıdır ki, həmin iddialarla Telman İsmayılovun Qubada futbol klubu yaratmağa çalışdığı xəbərləri üst-üstə düşür. Bu da "AST Telman"ın biznes qurmağa çalışdığı ölkədə çətinlikləri aşmaq üçün futboldan tramplin kimi faydalandığı yönündə söz-söhbətlərin doğruluğundan xəbər verir.
Elə bu yaxınlarda "AST Telman"ın ikinci dəfə Azərbaycanda idmana "maya" qoymaq istəməsində də məhz burada çoxdan planladığı biznesinin önünü açmaq cəhdinin əsas rol oynadığı istisna edilməməlidir. Amma görünür ya əvvəlcədən onun Azərbaycanla işgüzar ilişkilərinin olmamasını istəyən bəzi oliqarxlar, ya da hər hansı başqa səbəb (məsələn, Telman İsmayılovun rəsmi Bakını çox qəzəbləndirən "Milyarderlər İttifaqı"nda təmsil olunması və s. ) həmin cəhdi növbəti dəfə iflasa uğradıb.
Azər Aslan
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35