Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start veriləcək.

Unikal.org-un məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 5 cüdoçusu tatami üzərinə çıxacaq.

Kişilər
60 kq
Davud Məmmədsoy 1/16 finaldan mübarizəyə başlayıb. Startda rusiyalı Albert Oğuzovla qarşılaşan həmyerlimiz qələbə qazanıb. O, 1/8 finalda David Pulkrabeki (Çexiya) sınağa çəkib və məğlubiyyətə üzülüb. 

66 kq
1/32 finaldan yarışa start verən Elçin Hüseynovun rəqibi Karmine Maria Di Loreto (İtaliya) olub. Təmsilçimiz qalib gələrək mərhələ adlayıb. Hüseynov 1/16 finalda qazaxıstanlı Yerlan Serikjanovla münasibətinə aydınlıq gətirib və tatamidən qalib ayrılıb. O, 1/8 finalda Xuan Postiqosla (Peru) qarşılaşıb. Uğurlu seriyasını davam etdirən Elçin bu dueli də qazanıb. Cüdoçumuz 1/4 finalda rusiyalı Murad Çopanovla üz-üzə gəlib. Təəssüf ki, bu dəfə rəqib güclü olub. 

Hüseynov təsəlliverici görüşdə digər rusiyalı, erməni əsilli Aram Qriqoryanla mübarizə aparacaq.

Qadınlar
48 kq
Leyla Əliyeva ilk qarşılaşmasın fransalı Melani Vieunu mübarizədən kənarlaşdırıb. 1/8 finalda Funa Tonaki (Yaponiya) ilə güləşən cüdoçumuz uduzub. 

Aişə Qurbanlı da 1/16 finalda almaniyalı Katarina Mensə gücünü göstərib. İdmançımız növbəti görüşündə İrina Xubulova (Rusiya) ilə qüvvəsini sınayıb və rəqib mərhələ adlayıb.

52 kq
Gültac Məmmədəliyeva da ilk qarşılaşmasını 1/16 finalda keçirib. Meksikalı Lus Olveyradan üstün olan cüdoçu ardınca fransalı Astrid Qneto ilə mübarizə aparıb. Döyüş rəqibin aktivinə yazılıb.  

Qeyd edək ki, üç gün davam edəcək yarışda Azərbaycanın 10 cüdoçusu mübarizə aparır.