Məmurların bilinməyən gəlir yerləri "Unikal"da
10:08 06-02-2013
İQTİSADİYYAT
Məmurların bilinməyən gəlir yerləri "Unikal"da
Onlar hər il diqqət çəkmədən yüz milyonlarla manat qazanırlar
Azərbaycanda bəzi məmurların həyat şəraiti, lüks, komfort dolu güzəranı onların aldıqları maaşlarla təzad təşkil edir. Belə məmurların vəzifə maaşları ilə dəbdəbəli villalara, xarici markalı bahalı avtomobillərə, ölkədən kənarda təmtəraqlı istirahətlərə pul çatdırması qeyri-mümkünsüzdür. Elə isə onlar bu qədər pulu haradan alırlar?
Əlbəttə, ilk ağıla gələn bir çox bu cür məmurların rüşvət və korrupsiya girdabında çabalamasıdır. Ancaq "Unikal"ın kiçik araşdırması göstərir ki, bəzi məmurların bəzən heç kimin diqqətini çəkməyən gəlir yerləri də var.
Məsələn, bu gün hökumət strukturlarında elə adamlar var ki, onlar ölkəyə daha çox buğda idxalında maraqlıdırlar. Təsəvvür edin, hər il Azərbaycana 1 milyon 400 min ton buğda idxal olunur. Onun hər tonundan ən azı 10 manat həmin məmurlara qalarsa, görün, bu nə qədər vəsaitdir. Heç bir əziyyət çəkmədən, heç bir problemi düşünmədən, ölkənin taxıl ehtiyatı ilə bağlı yaranan problemlərin, yerli istehsalın ehtiyacı ödəməməsinə mane olan əngəllərin həlli ilə bağlı heç bir addım atılmadan rahat, işıqlı, isti kabinetdə oturub milyonlarla vəsaitə sahib olursan"
Əksər iqtisadçı-ekspertlərin söylədikləri də bizim gəldiyimiz qənaəti təsdiqləyir, onlar da hesab edirlər ki, elə keçən ilin payızında xaricdən gətirilən taxılın əlavə dəyər vergisindən azad olunması da hansısa məmur maraqları ilə birbaşa bağlıdır.
Xatırladaq ki, Nazirlər Kabinetinin (NK) sentyabrın 24-də verdiyi bu barədə qərar 1 il qüvvədə olacaq. Belə bir qərar 5 nazirliyin və bir dövlət komitəsinin razılaşdırılmış təkliflərindən sonra qəbul edilib. Hökumət ƏDV-nin ləğvini çörəyin qiymətinin bahalaşmaması və yarana biləcək qıtlığın qarşısının alınması ilə əsaslandırır. Amma müstəqil ekspertlər hökumətin mövqeyini bölüşmürlər. Və bizim yuxarıda da yazdığımız kimi, hansısa məmurların ölkəyə taxıl gətirilməsindən daha çox gəlir götürmələrini təmin etmək məqsədi daşıyır.
Bəzi məmurların daha bir gizli gəlir yeri isə maaşların və digər ödəmələrin həyata keçirilməsindəki gecikmələrdir. Adının çəkilməsini istəməyən iqtisadçı-ekspertlərdən biri bir çox dövlət şirkətlərində ödəmələrin 2-3 aylıq gecikmələrlə ödənilməsinin artıq dəb halını aldığını vurğulayıb.
Bizim araşdırmalarımız da bunu dolayı yolla ortaya qoyur; məsələn, tikinti ilə məşğul olan dövlət şirkətlərindən birində işçilər hələ noyabr ayının maaşlarını almayıblar. Səbəb isə çox sadədir: işçilərə maaşların gecikməsi ya sifarişçinin ödəməsinin gecikməsi, ya da dövlət vəsaitinin hesaba oturdulmasında yubanma ilə izah olunur. Halbuki səbəb tamamilə başqadır: həmin dövlət müəssisələrinin, şirkətlərinin rəhbəri olan məmurlar banklarla anlaşma əldə edir, maaş və digər ödəmələrə yönələcək iri vəsaitlər həmin banklar tərəfindən dövr etdirilir, buradan əldə olunan faiz isə sakitcə "cibişdan"a qoyulur.
Daha bir maraqlı məqam müxtəlif ofis və dəftərxana ləvazimatları üçün vəsaitlərin istifadəsi ilə bağlıdır. Bu vəsaitlər ilk baxışda bir o qədər də böyük görünmür; amma nəzərə alanda ki, Azərbaycanda hətta il ərzində bunun üçün yüz minlərlə manat xərcləyən qurumlar var, o zaman həmin vəsaiti görməzdən gəlmək mümkün deyil. Belə vəsaitlərin "başına daş salınması" isə bəzi məmurlar üçün çox sadə üsullarla həyata keçirilir. Ofis və dəftərxana ləvazimatları ya həmin məmurların özlərinə, yaxınlarına məxsus mağazalardan alınır və beləliklə, onlar dövlət vəsaitini bir ciblərindən çıxarıb digərinə qoymuş olurlar, ya da hansısa mağazadan belə ləvazimatların alınması "rəsmiləşdirilir", yəni proses kağız üzərində qalır, sadəcə, həmin mağazaya alış-verişin həcmi məbləğində ödənilməli olan vergi dəyərində pul və əlavə "bəxşiş" ödənilir, yerdə qalan vəsait isə sanki xərclənibmiş kimi cibə qoyulur. Deyilənə görə, elə idarə, müəssisə, təşkilatlar var ki, kağız üzərində onlar ofis ləvazimatlarını hər il yeniləyirlər, amma yalnız kağız üzərində! Reallıqda isə yenilənmədən yox, yeyintidən danışmaq lazımdır.
Bir sözlə, bəzi məmurlar üçün Azərbaycanda pul qazanmağın (özü də bir çox hallarda məhz dövlət vəsaiti hesabına!) "atişləməz" yolları var. Həmin yolları tapmaq elə də çətin deyil, yetər ki, başına daş salmağa çoxlu pul olsun!
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40