Hesablama Palatası hansı icra başçılarını şoka salacaq?
12:56 08-02-2013
İQTİSADİYYAT
Hesablama Palatası hansı icra başçılarını şoka salacaq?
Əziz Əzizov və Nazim İsmayılovu daha böyük təhlükə gözləyir
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Palatadan məlumat verilib.
İclasda dövlət büdcəsinin yerli xərclərindən Cəlilabad rayon İcra Hakimiyyəti aparatına, şəhər inzibati ərazi nümayəndəliyinə, Mərkəzi Rayon Xəstəxanasına, Təhsil, Mədəniyyət və Turizm şöbələrinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Cəlilabad rayonu üzrə Maliyyə İdarəsinə, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Lənkəran şəhər İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, habelə Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin gəlir və xərclərinin proqnozlaşdırılması və icrasına dair auditlərin nəticələri üzrə rəy və hesabatlar müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.
Kollegiya iclasında həmçinin, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən Sabirabad və Suraxanı rayon İcra Hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və dövlət büdcəsinin "Səhiyyə" bölməsindən Naxçıvan MR büdcəsi üzrə Naxçıvan Gigiyena və Epidemiologiya mərkəzinin saxlanılmasına ayrılan vəsaitlərin, büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit proqramları da təsdiq edilib.
Göründüyü kimi, Hesablama Palatasının hədəfində əsasən müxtəlif rayonların icra hakimiyyətləridir. Bu isə kifayət qədər başa düşüləndir.
Uzağa getməyək; elə qəzetimizin dünənki sayındakı bir məqalədə qeyd etmişdik ki, Əvvəlcə Quba, ardınca isə İsmayıllı üsyanları, hazırda isə İmişli və bəzi digər rayonlarda camaatın narazılığının artması gündəmdədir. Bir sözlə gündəmi indi onlar müəyyənləşdirirlər - özlərini icra başçısından çox, "kiçik padşah" kimi aparan rayon rəhbərləri. Baş verən məlum proseslərin fonunda aydın görünür ki, artıq Azərbaycanda yerli icra hakimiyyətləri ilə bağlı yeni islahatlara ehtiyac var, icra başçılarının ənənəvi təyinat biçimi sonradan hökumət üçün başağrısı yaradır. Rəhbərlik etdikləri rayonları özlərinin şəxsi mülkiyyəti hesab edən, bir növ özəlləşdirən - özününküləşdirən yerli rəhbərlərin bir çoxu əksər vaxtlarda sabotajçı rolu oynayırlar. Başları büdcə vəsaitlərini boş yerə israf etməyə, rüşvət və korrupsiyaya, özləri üçün fermer təsərrüfatları və biznes strukturları yaratmağa elə qarışır ki, əhalinin problemləri unudulur. Nəticədə isə adları çəkilən rayonlardakı kimi, xoşagəlməz, hökumət üçün əlavə başağrısı yaradan hadisələr meydana çıxır.
Bu mənada Hesablama Palatasının rayon icra hakimiyyətlərinin və yerli əlaqədar qurumların dövlət vəsaitlərini necə xərclədiyini audit etməsi təqdirəlayiqdir. O başqa məsələdir ki, bu yoxlamalar sonucunda ortaya hansı real mənzərə çıxır.
Palatanın məlumatında adıçəkilən rayonlardan bəzilərinin rəhbərliyi ölkə mətbuatında davamlı tənqid hədəfi olan icra hakimiyyətləridir. Məsələn, Əziz Əzizovun icra başçısı təyinatından bir müddət sonra Cəlilabadda korrupsiyanın at oynatmağa başlaması haqqında mərkəzi qəzetlər az qala hər gün yazır, yerli sakinlərin şikayətlərini dərc edirlər. Ona görə də Hesablama Palatasının apardığı və nəticələrini Milli Məclisə təqdim etdiyi yoxlamaların Əziz Əzizov üçün karyera və perspektiv baxımından ürəkaçmayan sonuclar verməsi mümkündür.
Palatanın daha bir audit dayanacağı olan Sabirabadda yerli camaatın narazılığının yüksək olduğu rayonlardan biridir, bu rayonun icra başçısı Nazim İsmayılov və ətrafı haqqında tez-tez mərkəzi mətbuatda tənqidlər, ittihamlar oxumaq mümkündür. Ona görə də Sabirabaddakı yoxlamaların İsmayılovun karyerasına mənfi təsir edə biləcək nəticələrlə yekunlaşması reallaşma imkanları yüksək olan ehtimallardan biridir.
Maraqlıdır ki, Palatanın audit etməyə hazırlaşdığı rayonlardan olan Bakının Suraxanı rayonu da şikayətlərin, neqativ məlumatların intensiv olduğu bir rayondur. Buradakı yoxlamaların da Suraxanı icra hakimiyyətinin rəhbərliyi üçün çətin keçəcəyini proqnozlaşdırmaq mümkündür.
Bir sözlə, Hesablama Palatası artıq ayrı-ayrı rayon icra hakimiyyətlərini öz "təftiş dairəsi"nə almaqla cəmiyyətdə çoxdan gözlənilən bir həmləni gerçəkləşdirə bilər: özlərini nazirlərdən, komitə sədrlərindən istər statusca, istərsə də kapitalca heç də aşağı görməyən icra başçılarına "qulaqburması" vermək zamanı gəlib. Elə bəzi rayonlardakı bəzi xoşagəlməz hadisələr, camaatın etirazının açıq müstəviyə daşınması bunun bir xəbərdarlığıdır.
Görünür, artıq mərkəzi hakimiyyət bu mesajı alıb və həmin xoşagəlməzliklərin önlənməsi, təkrarlanmaması üçün konkret addımlar atmağa qərar verib.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00