Bəzi iri məmurların yeni qazanc müharibəsi
12:35 09-02-2013
İQTİSADİYYAT
Bəzi iri məmurların yeni qazanc müharibəsi
Yarımfabrikatlar bazarı uğrunda amansız mübarizə başlayıb
Son vaxtlar Azərbaycanlı bəzi iri məmurlar yeni gəlir mənbəyi tapıblar. Söhbət yarımfabrikatlar bazarında üstün mövqelərə malik olmaqdan gedir.
Qeyd edək ki, yarımfabrikatlar son illərdə ölkəmizdə daha da populyarlıq qazanıb və bu cür məhsulların istehsalında və satışında külli miqdarda pul qazanmaq imkanı var. Əvvəllər bu yarımfabrikatlar bu mənada o qədər də diqqət çəkmirdi; son vaxtlar bu sahədə "pulun qoxusu"nu hiss edən iri məmurların bazarda üstünlük əldə etmək üçün hərəkətə keçdikləri, özlərinə yaxın müəssisələr yaratdıqları və ya bu sahədə fəaliyyət göstərən müəssisələri nəzarətləri altına keçirmək istədikləri hiss olunur.
Mətbuatda yazılanlara görə, hazırda Azərbaycanda istehsalat profili birbaşa yarımfabrikatlar olan müəssisə yoxdur. Yarımfabrikat ("gürzə" və "gürcü xəngəli, bilinçik, pizza, Kiyev kotleti, yarpaq, kələm dolması və s.) istehsalı qida şirkətlərinin tərkibində bir bölmə kimi fəaliyyət göstərir. Bazarda böyük partiya ilə satılan qablaşdırılmamış yarımfabrikatlar isə müəyyən fiziki şəxslər tərəfindən yaradılan kiçik istehsalat sexlərində, eləcə də un məmulatlarının istehsalı ilə məşğul olan müəssisələrdə hazırlanır. Alıcıların zəif tərəflərini yaxşı bilən həmin istehsalçılar da əslində qablaşdırılmasız, markasız şəkildə məhsulları satışa çıxarmaqla həm bu kimi xərclərdən özlərini azad edirlər, həm də onların guya təbii mənşəli olduğunu göstərməyə çalışırlar. Çünki belə daha "təbii" görünür. Xüsusən də, əhali arasında bunun adi kəndli tərəfindən istehsal edilmiş əsl kənd məhsulu olması fikrini yaydıqda.
"Unikal"ın araşdırmaları zamanı müəyyənləşib ki, bu vaxta qədər yarımfabrikatların idxalı və istehsalı üzrə 39 uyğunluq sertifikatı verilib. Hansıki, bura "Azon MM" MMC, Engin LTD MMC, "Camal LTD", MC Donalds Azərbaycan" MMC, "Azinternet biznes"MMC və digər müəssisələr aiddir.
Marketlərdə isə çeşid istehsalçıların sayından qat-qat çoxdur. "Domaşnie", "Pınar", "Samıy samıç", "Masterika", "Nasitin", "Morozka", "Banvit", "Romanovskie", "AL Kabeer" və "Topioca" nişanlı yarımfabrikatlarla yanaşı, markalanmadan, qablaşdırılmadan satılan yarımfabrikat çeşidləri var. Dondurulmuş vəziyyətdə saxlanılan məhsulların üzərində isə yararlıq müddəti 6 aydan az deyil.
Mövzu ilə bağlı internet üzərindən apardığımız araşdırmalar zamanı bu mövzuda hazırlanan materialların birində maraqlı detallarla qarşılaşdıq və onları sizinlə də bölüşməyi vacib sayırıq: fəaliyyətə başlama tarixi ötən əsrin sonlarına dayanan "Elba" Məhdud Məsuliyyətli Cəmiyyət də yarımfabrikat istehsalçılarındandır; onun Romanovskie" düşbərəsi, kotleti, dolması və kababı mağazaların piştaxtalarını bəzəyir. Müəssisə xüsusilə rus çar sülaləsinin adını yarımfabrikat düşbərələrə qoymaqla alıcıları tora salır. Yarımfabrikat aludəçiləri istehsalçı şirkətin adına baxmasalar, məhsulun Rusiya istehsalı olduğunu zənn edərlər. Lakin sözümüzün canı bu deyil. "Elba"nın yarımfabrikatlarının keyfiyyəti də sual doğurur.
Şirkətin özünün məlumatına görə, yarımfabrikatlar laboratoriyada analizdən keçirilmiş yüksək keyfiyyətli mal və toyuq ətindən hazırlanır. Xaricdə istehsal olunmuş gigiyenik cəhətdən təmiz polestirol qablarda qablaşdırılır, dondurulduqdan sonra satışa verilir. Maraqlıdır ki, MMC yarımfabrikatların hazırlanma texnalogiyasını, məhsuldakı qatqıları, eləcə də yararlılıq müddətini açıqlamır. Alıcıya qidanın təhlükəsizliyi ilə bağlı heç bir təminat vermir. Halbuki düşbərə və digər yarımfabrikatların hazırlanmasındakı hansısa texniki qüsur mədə-bağırsaq pozğunluğu kimi problemlərə səbəb ola bilər.
"Qurman" və "Çudo Peçka" MMC də yarımfabrikatların satışıyla məşğuldur; bildirilir ki, adıçəkilən müəssisələr bu məhsulları özləri istehsal edib, özləri də satırlar. Konkret olaraq, məhsulun keyfiyyətinə gəlincə, "Çudo Peçka" yarımfabrikatların üzərində yararlılıq müddətini 1 ay göstərib. Diqqət çəkən məqam isə MMC-nin adının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən sertifikat alanların arasında olmamasıdır.
"Qurman"a gəlincə, müəssisənin istehsal profili təkcə yarımfabrikatlar deyil. Eyniylə "Çudo Peçka" kimi un məmulatları da istehsal edir. Sadəcə yarımfabrikatları da onların gözünə qatıb, alıcılara təqdim edir.
Bütün bunlardan sonra bir daha qeyd edək ki, artıq yarımfabrikatlar bazarı uğrunda bəzi iri məmurların ciddi mübarizəsi başlayıb və elə bu yaxınlarda "Çudo Peçka" ilə bağlı aparılan təftişlər və yoxlamalar sonucu müəssisəyə qoyulan bəzi yasaqlar dediklərimizi təsdiqləyir. Yarımfabrikatlara əhalinin maraq və tələbatının artması nəzarətlərində bir çox gəlir sahələri olan iri məmurların da iştahını artırır və onlar bu bazarda inhisarçı mövqelərə sahib olmaq üçün artıq "savaş"a start veriblər.
Ehtimal etmək olar ki, proses bir çox yarımfabrikat istehsalçılarının sıradan çıxması və bu bazarın hansısa iri məmurun əlində təmərküzləşməsi ilə başa çatacaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40