Rusiyadan Azərbaycana mesaj
12:41 09-02-2013
İQTİSADİYYAT
Rusiyadan Azərbaycana mesaj
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin maraqlı açıqlama ilə çıxış edib. Spiker açıq şəkildə bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini gözləməyə dəyməz. O,bildirib ki, münaqişənin kökü dərindir və indidən nəyəsə ümid etmək olmaz. Gözlənilmədən Rusiyada ciddi siyasi simalardan sayılan Narışkinin belə açıqlama verməsi sözsüz ki, ciddi araşdırılmalıdır və burda bir sıra nüanslara fikir vermək vacibdir. Amma öncəliklə məsələyə ilk gələn reaksiyaya baxaq. "Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Dağlıq Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi son fikirlərlə çox ciddi səhvə yol verib".
Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini, partiyanın icra katibi Əli Əhmədov Sergey Narışkinin Dağlıq Qarabağ probleminin yaxın gələcəkdə həll olunmayacağı barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.
Ə. Əhmədov qeyd edib ki, S. Narışkin bu fikirləri söyləməklə həm də ciddi unutqanlığa yol verib: "O ən azından Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürdüyünü unutmamalıydı. Çünki bu missiyanı öz üzərinə götürmüş dövlətin ən mühüm vəzifəsi üzərinə götürdüyü missiyanı tezliklə uğurla yerinə yetirməkdən ibarətdir".
Ə. Əhmədov Rusiyanın da üzv olduğu Minsk Qrupunun bu barədə fəaliyyətindən də danışıb: "Biz çox təəssüf edirik ki, Minsk Qrupu 20 ildən artıqdır ki, fəaliyyət göstərsə də, münaqişənin nizamlanması istiqamətində həlledici addım atılmayıb. Əlbəttə ki, mən Minsk Qrupunun bu vaxta qədər olan fəaliyyətini heçə endirmək istəmirəm. Amma görünən odur ki, Minsk Qrupu bu günə qədər üzərinə götürdüyü vəzifəni yerinə yetirə bilməyib. Mən təəssüf edirəm ki, həmsədrlərdən biri olan Rusiyanın kifayət qədər yüksək siyasi vəzifəsi olan bir şəxsi belə bir bəyanat səsləndirdi. Bu ondan xəbər verir ki, Rusiyada münaqişənin həll olunması üçün lazımi qədər səylər göstərmək niyyətində olmayan insanlar da var. Hesab edirəm ki, Rusiya həmsədrlərdən biri kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunmasına ciddi təsir göstərmək imkanlarına malik olan bir ölkə kimi bu münaqişənin həll olmasına öz töhfəsini verməyə çalışacaq. Ən azından biz buna inanırıq. İnanmasaydıq Azərbaycan Rusiyanın həmsədr kimi fəaliyyət göstərməsinə etiraz edərdi. Rusiyanın vəzifəsi isə bu inamı doğrultmaqdan ibarət olmalıdır".
İndi isə gəlin əsas məqamlara önəm verək. Sergey Narışkinin bu açıqlamasına ekspertlər bir neçə məqamdan yanaşır. İlk növbədə spikerin bu açıqlaması bir mesaj kimi dəyərləndirilməlidir. Yəni spiker bu açıqlaması ilə açıq şəkildə bəyan edir ki, neçə ki, Rusiya məsələyə razılığını verməyib, bu problem həllini tapa bilməz. Bunu da qeyd edək ki, son bir ildə ABŞ Dağlıq Qarabağ problemini həll etmək üçün təşəbbüsü ələ almışdı və Rusiya sanki oyundan kənar duruma salınmışdı. Amma bundan sonra Rusiya aktivliyini artırdı və demək olar ki, aparılan danışıqlar heç halına gətirildi. Bu gün Sergey Narışkinin açıqlaması da məhz buna bir işarədir. Sergey Narışkin bu açıqlaması ilə həm də ATƏT-in Minsk qurupunun fəaliyyətini sıfıra endirdi. Yəni bir daha bəyan etdi ki, aparılan danışıqlar mövcud status-kvonu dəyişə bilməz. Ekspertlər bunu da bildirir ki, son zamanlar Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsi səbəbindən Rusiya Azərbaycana güc nümayiş etdirir və bu açıqlamada o gücün məntiqi nəticəsidir. Bunu da qeyd edək ki, iki ölkə münasibətlərinin gərginləşməsindən sonra Rusiya sürətlə Ermənistanı silahlandırmağa başladı və bununla balansı pozmuş oldu. Məhz bu balansın pozulmasından sonra ATƏT-in Minsk qrupunun üzvü olan bir dövlətin rəsmisi aparılan danışıqları mənasız sayır və bununla da Azərbaycana reallıqla barışmağı tövsiyyə edir. Ekspertlər hesab edir ki, Azərbaycan bu reallığı artıq görməli və problemin həlli üçün yeni situasiyalar və məkanlar axtarmalıdır. Qeyd edək ki, son zamanlar ATƏT-in Minsk qurupunun buraxılması ilə bağlı ciddi müzakirələr gedir və hazırda Sergey Narışkinin verdiyi açıqlama təsdiqləyir ki, ATƏT çərçivəsi qəbuledilməz hala gəlib. Buna görə də Azərbaycanın yenidən BMT-yə üz tutması əsas çıxış yolu sayılır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40