Futbol üzrə Avropa çempionatının Damimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılıb.

Unikal.org xəbər verir ki, bu addım yerli komandanın və İtaliya "İnter"inin yarımmüdafiəçisi Kristian Eriksenə dəstək məqsədilə atılıb. Eriksen ilk turun Finlandiyaya 0:1 hesabı ilə uduzduqları oyun zamanı ürəktutması keçirib.

Fasilə zamanı azarkeşlər və oyun iştirakçıları 29 yaşlı futbolçunu alqışlamaq imkanı əldə ediblər. 10 nömrəli forma ilə çıxış edən Eriksenin şərəfinə tezliklə sağalmasını diləyən bannerlər nümayiş etdirilib.

Danimarka - Belçika oyununda ilk yarı meydan sahiblərinin xeyrinə başa çatıb - 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yussuf Poulsen vurub.

Qeyd edək ki, iyunun 12-də Finlandiya ilə görüşdə Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Xəstəxanada qalacaq futbolçu üzərində bütün lazımi müayinələr aparılır. İndi həkimlər oyunçuya implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq niyyətindədirlər.