Azərbaycanda qeyri neft sektorunun inkişafı və milli iqtisadiyyata xarici sərmayələrin cəlb olunması baxımından Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ələt Azad İqtisadi Zonasının təməlinin qoyulması ölkəmizin həyatında tarixi hadisəyə çevrildi. Azərbaycanın dünya birliyində ən uğurlu gənc dövlət kimi qəbul olunması, Dünya Bankının “Doing Business” hesabatında 190 ölkə arasında 28-ci yerə layiq görülməsi və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlindəki yüksək mövqeyə sahib olması bu gün ölkəmizdə əlverişli investisiya mühitinin formalaşmasını şərtləndirən vacib amillərdən biridir..
Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.
Millət vəkili qeyd edib ki, ümumi sahəsi 850 hektar olan iqtisadi zonanın 60 hektarında layihələndirmə işlərinin başa çatdırılması və inşaat işlərinin başlaması onu göstərir ki, burada infrastrukturun qurulması üçün bütün zəruri addımlar atılmaqdadır. Zonanın yaradılmasında ən mühüm hədəf qabaqcıl idarəetmə praktikasına uyğun olaraq yüksək əlavə dəyərli və ixracat üçün nəzərdə tutulan yerli istehsalı təmin etməkdir.
Ağalar Vəliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bu günədək ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından atılan addımlar, milli iqtisadiyyatın müxtəlif sahələrinin əlaqələndirilməsi, ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, investisiya mühitinin daha da yüksək səviyyəyə qaldırılması istiqamətində olduqca vacib layihələrin icrası təmin olunub. Pandemiyanın dünyada yaratdığı böyük maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla həyata keçirilir. Ələt Azad İqtisadi Zonasının yaradılmasını bunun bariz nümunəsi hesab etmək olar. Bu geniş miqyaslı layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər və etibarlı tərəfdaşlar qazandıracaq, Cənubi Qafqaz regionunda qazandığımız mövqeləri qüvvətləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində vaz keçilməz rolu olan dövlətimizn strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin, büdcəyə daxil olan vəsaitin artmasına və beynəlxalq investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq.
Ələt Azad İqtisadi Zonasının Azərbaycanın ən böyük qeyri-neft sektoru layihəsi olduğunu və bu ideyanın çoxdan müzakirə olunduğunu diqqətə çatdıran deputat bu layihənin yeni texnologiyaların, innovasiyaların ölkəmizə gətirilməsi və yeni iş yerlərinin yaradlması baxımından cəlb edici olduğunu söyləyib. Təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibə verən Prezident İlham Əliyev deyib:
Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir.
Milli Məclisin üzvü onu da vurğulayıb ki, dövlətimizin qarşısında dayanan əsas vəzifə Ələt Azad İqtisadi Zonasına dövlət sərmayəsini deyil, potensial xarici investorları cəlb eləməkdən ibarətdir. Çünki, Prezidentimizin də söylədiyi kimi, dövlət sərmayəsi artıq öz rolunu oynayıb, əsas infrastruktur layihələr icra olunub. İqtisadi Zonanın tikintisi davam etdirildiyi dövrdə ölkələr arası hökumət komissiyaları birgə əməkdaşlıq nümunəsi ortaya qoyacaq, xaricdəki Azərbaycan səfirliklərinə təlimatlar veriləcək, keçirilən bütün iqtisadi tədbirlərdə, toplantılarda bu mövzu gündəliyə salınacaq və xarici şirkətlər podratçı qismində bu nəhəng iqtisadi layihəyə dəvət olunacaqlar. Ələt Azad İqtisadi Zonası layihəsinin uğurla başa çatdırılması Azərbaycanın dünya birliyində qazandığı etibarlı mövqeni daha da gücləndirəcək və vətəndaşlarımızın yeni iş yerləri ilə təmin olunmasına, həyat səviyyələrinin yüksəlməsinə öz dəyərli töhfəsini verəcək.