Avropa İntibah dövrünün dahi siması, məşhur rəssam və mühəndis Leonardo da Vinçinin bu gün azı 14 varisinin yaşadığı müəyyən edilib.
Unikalı.org xarici KİV-ə istinadən xəbər verir ki, incəsənət tarixi və Leonardonun həyatına dair araşdırmaçı olan Alessandro Vezzosi və Aqnese Sabato tərəfindən on ildən artıq aparılan tədqiqat nəticəsində dahi sənətkarın ailə şəcərəsi nəsilbənəsil üzə çıxarılıb.
Belə ki, 1452-ci ildə Florensiyanın yaxınlığındakı kiçik Ançiano şəhərində dünyaya göz açan Leonardo ömrü boyu evlənməyərək övlad sahibi olmasa da, ən azı 22 atabir qardaşından gələn nəsillər müasir dövrümüzədək davam edib. Aparılan araşdırma zamanı Leonardonun atası Ser Piero da Vinçi istinad nöqtəsi olaraq seçilməklə əvvəlcə 1331-ci il təvəllüdlü əcdadı Miçele aşkarlanıb.
Tədqiqatçıların fikrinə əsasən, Leonardo atabir qardaşı Domeniko ilə Vinçi ailəsinin 6-cı nəslinə mənsublarmış. Ailə şəcərəsinin azı 21 nəslini təyin etmək mümkün olub. Araşdırmalar zamanı Leonardonun DNT-si də təyin edilib ki, bunun əsasında onun erkən yaşlanması, solaxaylığı, qidalanması, səhhəti, irsi xəstəliklərə düçar olub-olmaması, habelə digər xüsusiyyətləri də tədqiq oluna bilər.
Qeyd olunur ki, Leonardonun Vinçi soyadını daşıyan müasir varisləri arasında fermerlər, ofis əməkdaşları, döşəməçi, satıcı və bir nəfər rəssam da varmış.
Ağarza Elçinoğlu