Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Bakı arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma sazişini təsdiqləyib.
Unikal.org xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.
“Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında səhiyyə sahəsində yardım göstərilməsinə dair anlaşma” Sazişi 28.03.2002 tarixli və 4749 saylı Qanunun 9-cu maddəsinə uyğun olaraq təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Qərarda deyilir ki, Türkiyə tərəfi Azərbaycan tərəfinə dostluq və xoş niyyət jesti kimi 100 000 qutu “Favipiravir” preparatı göndərəcək.
Yardım kimi verilən bu dərman Azərbaycana aid olacaq və səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək. Preparatlar daha sonra tərəflər arasında təyin ediləcək metodla təslim ediləcək.
Sənəd 2021-ci ilin martın 31-də imzalanıb və həmin gündən qüvvəyə minmiş hesab olunur.
Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir, Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb.