Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının onlayn formatda toplantısı keçirilib.
Unikal.org xəbər verir ki, toplantıda Azərbaycanın 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, meyvəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər iştirak ediblər.
İclasda Fermerlər Şurasının yeni üzvləri iştirakçılara təqdim olunub. Yeni üzvlər Fermerlər Şurasında Bərdə, Ağcabədi, Masallı, Şəmkir və Füzuli rayonlarını təmsil edirlər.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini bildirib və Fermerlər Şurasının üzvlərini görülən son işlər barədə məlumatlandırıb.
Toplantıda cari il ərzində aqrar sektorda baş verən yeniliklərə toxunulub. Bildirilib ki, Aqrar Subsidiya Şurası tərəfindən 2022-ci il üçün subsidiya əmsalları açıqlanıb. Qərara əsasən, gələn ildən pambıq, şəkər çuğunduru və tütün bitkiləri üzrə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bundan başqa, subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqlənib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Sonda fermerlər Şurası üzvlərinin təklifləri qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.