Sərt xəbərdarlıqdan generala düşən pay
12:19 14-02-2013
İQTİSADİYYAT
Əsgər Ələkbərovun biznesi və qohumcanlılığı onun üçün yaxşı nəticələnməyə bilər
Ölkə başçısı İlham Əliyevin srağagün keçirilən müşavirədəki çıxışı maraqla qarşılanıb. Prezidentin harınlamış məmurların və onların övladlarının qudurğan hərəkətləri barədə sərt xəbərdarlığı xüsusilə diqqət çəkdi.
Dövlət rəhbəri bəzi məmurların öz məsuliyyətlərini dərk etmədiklərini də bildirib: “Bizim dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm. İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Burda oturan bütün icra başçılarını mən təyin etmişəm, hamısını. Bəzi rayonları da bir neçə dəfə dəyişmişəm. Nəyə görə? Çünki etimadımı doğrultmayıblar. Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm. Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”.
Dövlət başçısı məmurların keçirdikləri məclislərdən də danışıb: “Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi, bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir”.
Prezidentin geniş rezonans doğuran bu çıxışından şübhəsiz bir çox məmurlar öz paylarını götürüblər və lazımi nəticə çıxarmayacaqları təqdirdə nə ilə üzləşəcəklərini də bilirlər.
Həqiqətən Azərbaycanda bir çox yüksək çinli məmurlar və onların yaxınları ilə bağlı cəmiyyətdə ciddi narazılıq var. Söhbət ondan gedir ki, belə məmurlar öz fəaliyyətlərini əsasən özlərinə və yaxınlarına biznes qurmaq, karyera yüksəlişini təmin etmək üzərində qururlar. Bu isə istər-istəməz vətəndaşlarda bütünlüklə hökumətə qarşı qıcıq və narahatlıq yaradır.
Məsələn, daxili işlər nazirinin müavini, general Əsgər Ələkbərovun adı tez-tez biznes məsələlərində hallanır. Onun parket istehsalı ilə məşğul olan müəssisəsinin, Dərnəgül bazarında nəhəng obyektlərinin olması və onları qardaşı Süleyman Ələkbərov vasitəsilə idarəetməsi məlumdur.
Bundan başqa, nazir müavini xeyli sayda qohumlarını hüquq mühafizə sistemində müxtəlif vəzifələrə yerləşdirə bilib. Məsələn, ötən ilin avqustunda Suraxanı Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə təyin edilən yeni rəis Emin Məmmədov Əsgər Ələkbərovun çox yaxın qohumudur. Ondan bir il əvvəl isə generalın başqa bir qohumu - bacısı oğlu Akif Nəbiyev Samux rayonuna polis rəisi təyin edilmişdi.
Bütün bunları prezidentin çıxışı kontekstində ona görə oxucuların diqqətinə çatdırırıq ki, həqiqətən də Azərbaycanda bir çox məmurların fəaliyyətinin pərdəarxası müəmmalarla doludur. Onlar tutduqları yüksək postlardan istifadə edərək, həm öz gəlir qaynaqlarını formalaşdırmaq və genişləndirməklə, həm də yaxınlarına vəzifə sarıdan gün ağlamaqla məşğul olurlar. Sonda isə ortaya son vaxtlar tez-tez müşahidə olunan xoşagəlməzliklər, İsmayıllı nümunələri çıxır.
Artıq vəziyyət o yerə çatıb ki, ölkə başçısı birbaşa bu qanunsuzluqlara müdaxilə etmək, onlara öz sərt xəbərdarlıqlarını yollamaq məcburiyyətində qalır. Axı elə general Ələkbərovun nümunəsindən də göründüyü kimi, olmazmı məmurlar tutduqları kürsünün onlara verdiyi imtiyazlardan, imkanlardan şəxsi maraqlar naminə yararlanmasınlar? Olmazmı bunu biznes, qohumbazlıq üçün bir vasitəyə
çevirməsinlər? Belədə prezidentin sərt şəkildə ortaya qoyduğu məsələlərə - vətəndaşların haqsız incidilməsinə, onlara yuxarıdan aşağı baxılmasına da rast gəlinməz.
Hər halda, yəqin ki, ölkə başçısının kəskin xəbərdarlığının ünvanı olan məmurlar lazımi nəticəni çıxaracaqlar, əks təqdirdə onları hansı talenin gözlədiyini müəyyənləşdirmək çətin deyil. (Unikal qəzeti)
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40