Nəsimi rayonunda dəhşətlər - REPORTAJ - FOTOLAR
12:57 14-02-2013
İQTİSADİYYAT
Nəsib Məhəməliyev torpaq “alveriylə” məşğuldur
İki ildir ki, milyonlarla manat prezidentin adından istifadə edilərək göyə sovrulur
Prezident İlham Əliyev son müşavirədə sərt çıxış edərək bu gün Bakıda və bölgələrdə icra strukturlarının insanlara biganə yanaşmalarını, sərvət sahiblərinə çevrilmələrini, günü-gündən harınlaşmalarını xüsusi olaraq qeyd etdi və bunu da bildirdi ki, bundan sonra bu cür məmurlar ciddi cəzalandırılacaq. Həqiqətən də bu gün Azərbaycanın rayonlarında bu cür hallara kifayət qədər rast gəlmək mümkündür və bəzən bildirilir ki, mərkəzdən uzaq olan rayonlarda belə halların diqqəti cəlb etməməsindən məmurlar istifadə edir. Amma maraqlısı budur ki, Bakının göbəyində də məmur harınlığına, korrupsiya hallarına, insanların az qala istismar olunmasına asanlıqla rast gəlmək mümkündür. Belə rayonlardan biri də Nəsimi rayonudur.
Nəsimi rayonunda Nəsib Məhəməliyev dəhşətləri
Nəsimi rayonu Bakının əsas rayonlarından biri hesab edilir və rayon əsasən 1950-1960-cı illərdə salınan mikrorayonlardan təşkil edilib. Nəsimi rayonunun başqa bir özəlliyi isə bu idi ki, bu rayon yaşıllıq massivlərinə görə digərlərindən fərqlənirdi. Mikrarayonlarda binaların arası demək olar ki, bütünlüklə şam ağacları ilə zənginləşdirilmişdi. Amma bütün bunlar o zamana qədər oldu ki, Nəsib Məhəməliyev adlı şəxs rayona icra hakimiyyəti başçısı təyin edildi. Nəsib Məhəməliyev rayona icra başçısı təyin olunandan bir neçə ay sonra onun necə başçı olduğu aydınlaşdı. Gəlin detallara baxaq.
İki qardaşın talan etdiyi rayon
Nəsib Məhəməliyev icra başçısı təyin olunandan sonra rayonun taleyi onun qardaşına verildi. Bir zamanlar Dağıstanda bizneslə məşğul olan başçı qardaşı öncəliklə rayonda boş əraziləri,yol kənarlarının qeydiyyatını apardı və bundan sonra yol kənarlarında ticarət mərkəzlərinin tikintisinə start verildi. Sözsüz ki, yolların darısqallanması və yol kənarı ağacların kəsilməsi hesabına. Mənbə bildirir ki, bu gün icra başçısı və qardaşının xətti ilə tikilərək, sahibkarlara satılan ticarət mərkəzlərinin, mağazaların sayı iki mindən çoxdur. Yol kənarlarındakı səkilərin satılmasından sonra qardaşlar üçün yeni gəlir yeri yarandı. Bu dəfə binalar arasındakı parklar, uşaq mərkəzləri vəhşicəsinə dağıdıldı. İndiyə qədər Nəsimi rayonu ərazisində mindən çox köklü ağaclar kəsilib və yerləri iş adamlarına satılıb. Bu gün asanlıqla beş mərtəbəli mikrorayonlarda binalar arasında 16 mərtəbəli binaları rahatlıqla görmək mümkündür. Amma aydın oldu ki, 16 mərtəbəli binaların tikintisindən qardaşlara yaxşı pul qalmır və buna görə yeni metod haqqında düşünməyə başladılar.
Gizlədilən binalar
Nəsib Məhəməliyev və qardaşı çox düşünmədi və yeni gəlir yeri tapdılar. Beş mərtəbəli binaların arasında 2-3 mərtəbəli ofis binalarının tikintisinə start verildi. Bunu da qeyd edək ki, 2-3 mərtəbəli binaların tikintisi zamanı Fövqəladə Hallar Nazirliyinin məlum şərtləri nəzərə alınmır və bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyətinə əlavə vəsait ödənilmir. Bir sözlə əsas gəlir qardaşlara qalır. Bununla da yeni əməliyyat başladı. Dörd ay ərzində yalnız bir küçədə Asif Məhərrəmov küçəsindən “Moskva” ticarət mərkəzinə düşən yol arasında altı dənə iki və üç mərtəbəli bina tikdilər və hazır olan binalar bu gün ya icarəyə verilib ya da satılıb. Hesab edilir ki, yalnız bu küçədə ki, tikintidən 5 milyon manata qədər gəlir əldə edilib. Bundan başqa əsasən birinci mikrorayon qardaşların qurbanlığına çevrilib. Demək olar ki, bu mikrorayonda yüzlərlə ağaclar məhv edilib və bu proses indidə davam edir.
Rayon sakinləri isə zülmət içində
Nəsib Məhəməliyev və qardaşının milyonlar qazandığı bir rayonda isə insanlar demək olar ki, görünməmiş dəhşətlərlə üz-üzədir. Beşinci,üçüncü, birinci mikrorayonlarda beş mərtəbəli binalarda artıq yaşamaq sadəcə mümkün deyil. Çünki binaların zirzəmiləri sadəcə olaraq bataqlıqdır. Kanalizasiya xətlərinin partlamasından yaranan gölməçələrin qoxusundan binalarda yaşamaq mümkün deyil. Təqdim etdiyimiz şəkillərdən birində də gördüyünüz kimi Asif Məhərrəmov küçəsi bina 30-un zirzəmisi tamamı ilə üfunət yuvasına çevrilib və bununla bağlı rayon rəhbərliyinə edilən müraciətlər sadəcə qulaq ardına vurulur.Yeri gəlmişkən bunu da qeyd edək ki,Nəsimi rayonu hazırda Bakının o rayonlarındandır ki, bu rayonda məhəllələr arası yollar dağ cığırından,ucqar kənd yollarından da dəhşətli durumdadır.
Nazirlərdən birinin himayəsinə sığınan Nəsib Məhəməliyevin dediyi tək söz isə budur ki, rayonun sahibi odur və kim hara istəyirsə ora da şikayət edə bilər. Nazir adından istifadə edən icra başçısı artıq rayonda mövcud olan əksər biznes şəbəkələrinin ya sahibinə çevrilib, ya da sahibkarlardan haqq toplanılır. Rayon sakinləri isə bu günün özündə də su,qaz, işıq problemlərini yaşamaqda, qəzalı binaların təmirinə isə nail ola bilmirlər. Artıq iki ildən çoxdur ki, yerli sakinlərin şikayətlərinə yalnız bir cavab verilir-“PREZİDENT İLHAM ƏLİYEV NƏSİMİ RAYONUNA GƏLƏCƏK VƏ BUNA GÖRƏ BÜTÜN BÜDCƏ PULLARI “YEGANƏ” ŞADLIQ EVİNİN YANINDAKI PARKIN BƏRPASINA SƏRF EDİLİR”. Beləcə iki ildir ki, milyonlarla manat pul bu bəhanə ilə yeyilir və rayon sakinləri çıxılmaz durumdadır. Bu gün məhz bu əməllərə görə mövcud hakimiyyətdən ən çox narazı qalan insanlarda Nəsimi rayon sakinləridir. Amma bu Nəsib Məhəməliyevin vecinə deyil.
Qardaşların qızıl biznesi
Bunu da qeyd edək ki, Nəsib Məhəməliyev yalnız rayonu talıb-çalamaqla məşğul deyil. O həm də bu gün Azərbaycanda gözə görünmədən qızıl, brilyant biznesinin əsas simalarından birinə çevrilib. Onun təsirində olan iki binada qızıl zinət əşyaları hazırlanır və əsasən Çeçenistan vətəndaşlarına satılır. Bunu da qeyd edək ki, qardaşlar qızıl biznesinə vəhabilər vasitəsi ilə qatılıblar və bu gün də bu əməkdaşlıq davam edir.
Nəticə
Yəqin ki, prezident İlham Əliyevin son çıxışını bir daha yada salsaq o çıxışda Nəsib Məhəməliyevin də rolunu görmüş olarıq. Bu gün sakinlərinə az qala qul kimi yanaşan Nəsib Məhəməliyev gözə görünməkdən hər zaman qaçsada əməlləri ortadadır. Və güman etmək olar ki, məmurlara,icra başçılarına görk olsun deyə Nəsib Məhəməliyevin varidatı ciddi şəkildə araşdırılmalı, rayondakı gərginlik təhlil olunmalı və bundan sonra Nəsib Məhəməliyevin və rayonun qeyri rəsmi ağası olan qardaşının bu dövlətə, bu hakimiyyətə və bu xalqa vurduğu ziyanı görmək mümkün olar. (Unikal qəzeti)
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40