Son zamanlarda mənzil bazarında kirayə qiymətinin artması və satış qiymətinin azalması gündəmdədir. Bəs görəsən mənzil bazarında real vəziyyət necədir? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən daşınmaz əmlak eksperti Məcid Məcidov deyir ki, pandemiya dönəmi ilə müqayisədə kirayə mənzil bazarında qiymətlərdə 35 faiz artım var: “Belə ki, pandemiya dövründə 400 manata təklif olunan mənzil 500-600 manata təklif olunur. Amma daşınmaz əmlak bazarında isə satış qiymətləri 10-12 faiz düşmüşdü, bazarda durğunluq yaşanırdı”.

Ekspert deyir ki, kirayə qiymətlərinin artmasının əsas səbəblərindən biri təhsilin əyani formaya keçməsi ilə bağlıdır: “Belə ki, tələbələrin sayı birdən-birə çoxaldı. Həmçinin, pandemiyadan sonra hazırda 43 ölkə ilə uçuşlarımız bərpa olunub. Ona görə respublikamıza əcnəbi vətəndaşlar, turistlər, iş üçün gələn xarici vətəndaşların sayı artıb. Ən çox tələbat isə şəhərin mərkəzinədir.

M.Məcidov deyir ki, həyət evləri bina evlərinə nisbətən ucuz olduğu üçün tələbat az deyil. Lakin əsas üstünlük bina evlərinə verilir: “Hazırda Bakıda satışda daşınmaz əmlak bazarında bütün ölkə üzrə 1600-dən çox, dəyəri 1 milyondan çox əmlak var. Ən bahalı əmlakın satışı Nizami küçəsində yerləşən restorandır, qiyməti 60 milyon manatdır. Digər ən böyük satışı olan əmlak isə Hökumət Evinin yanında yerləşən 5 mərtəbəli oteldir. Bütün əşyaları ilə birlikdə dəyəri 40 milyon manatdır”. 

Könül Oruc