İranın son zamanlar ölkəmizə qarşı gərgin münasibəti göz önündədir. Belə ki, dünən Azərbaycana nota verdikdən sonra da, 7 dronunu Azərbaycanla sərhəd boyunca havaya qaldırıb, sonra isə geri öz bazasına qaytarıb. Maraqlıdır, İranın Azərbaycana qarşı gərgin münasibətinin əsasında nə durur? 

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, İranın Azərbaycana qarşı bu münasibətləri çox böyük təəssüf doğurur: “Azərbaycanla dostluğu elan edən İran son dövrlərdə ölkəmizə qarşı aqressiv bir mövqe tutmağa başlayıb. Bu gərginlik yalnız aşağı ranklı deyil. Hətta yüksək dövlət səviyyəsində belə Azərbaycana qarşı təhdidlər, daxili işlərimizə qarışmaq cəhdlərini görürük. Bu münasibətin kökündə sadəcə olaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın güclənməsindən ehtiyatlanma durur”. 

Deputatın sözlərinə görə, Azərbaycan bütün resurslarını torpaqlarını işğaldan azad etməyə yönəldirdisə, hazırda həmin torpaqlar məskunlaşdırılır, iqtisadiyyatı gücləndirilir, siyasi nüfuzu artır: "İran nədənsə bunu özünə qarşı təhdid hesab edir. Baxmayaraq ki, Azərbaycan heç vaxt İranın daxili işlərinə qarışmayıb və ona qarşı mehriban qonşuluq münasibəti yeridib". 

A.Mirzəzadə bildirib ki, Azərbaycanın güclənməsi İranda narahatlıq doğurur: "Eyni zamanda Azərbaycan İranın Ermənistanın problemlərinin həllində fəal iştirakını da dostluğa müsbət təsir etmədiyini irad kimi bildirir. İranın bu hərəkətləri Azərbaycanda müsbət qarşılanmır. Son dövrlərdə hərbi təlimlər keçməsi isə heç də dostluğa dəlalət etmir. Buna baxmayaraq Azərbaycan təmkinliyini qoruyur, məsələnin diplomatik, suveren hüquqların qorunması yolu ilə həllinə çalışır. 

Könül Oruc