"Həyatınızın bir hissəsi bizim ölkəmizlə bağlı olacaqdır. Ümid edirəm, siz nəinki indi haqqında danışdığınız məsələlərin təşviqində bir səfir kimi fəal olacaqsınız, eyni zamanda, sizin ətrafı görmək və Azərbaycanı daha da yaxşı tanımaq imkanınız olacaqdır ki, Brüsselə və ya hər hansı başqa bir yerə geri döndükdə özünüzlə yaxşı xatirələr aparasınız".
Unikal.org-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edərkən deyib.
"Siz qeyd etdiyiniz kimi, əməkdaşlığımızın, uzunmüddətli əməkdaşlığımızın çox geniş gündəliyi var. Bu, çox səmərəli və uğurlu əməkdaşlıqdır. Sizin qeyd etdiyiniz sahələr, əslində, bizim əməkdaşlığın prioritet sahələridir və prezident Şarl Mişelin bu yay səfəri zamanı biz bu məsələləri geniş müzakirə etdik. Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik. On il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı. Bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır", - dövlət başçısı bildirib.