"Azərbaycan 44 günlük Vətən Müharibəsində öz tarixinin ən parlaq qələbəsini qazandı. Bununla da ərazi bütövlüyümüz və tarixi ədalət bərpa olundu"
Bunu Unikal.org-a açıqlamasında deputat Cavid Osmanov deyib. Millət vəkili bildirib ki, artıq regionda yeni reallıq yaranıb:
"Bu reallıqlar məhz Azərbaycanın Vətən Müharibəsindəki qələbəsindən sonra yarandı. Bütün dünya artıq Azərbaycanın tarixi qələbəsini və yaranmış yeni reallıqları qəbul edib. Çox təəssüf ki, müəyyən dairələr var ki, bu günə kimi də Azərbaycanın tarixi qələbəsini həzm edə bilmir. Elə qonşuluğumuzda olan və Azərbaycan tərəfindən mehriban dost, qonşu münasibəti bəslənilən İran İslam Respublikası son zamanlar Azərbaycana qarşı çox qərəzli mövqedən çıxış edir və böhtan xarakterli bəyanatlar təqdim edir.
Bu məsələlər əyalət mollasından başlandı və sonradan məlum oldu ki, bu, bütünlükdə İranın mövqeyidir. Onlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla Azərbaycanla təhdid dilində danışmağa çalışdılar. Əslində, istər birinci Qarabağ müharibəsində, istərsə də Vətən Müharibəsində və ondan sonrakı dövrdə də İran ermənipərəst mövqedən çıxış edib.
Çox təəssüf ki, Ermənistan Azərbaycanın işğal altında saxladığı torpaqlarda 30 il müddətində dini abidələrimizi, məscidlərimizi darmadağın etdi, amma buna İran tərəfi heç bir bəyanat vermədi. Azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı və digər soyqırımlara qarşı İran heç bir reaksiya vermədi.
Yalnız Azərbaycan İranla 130 kilometrlik sərhədini işğaldan təmizlədikdən sonra İran nədənsə öz gücünü nümayiş etdirmək niyyəti ilə hərbi təlimlər keçirməyə başladı. Nədənsə bu 30 il müddətində baş vermirdi, indi baş verdi. Eyni zamanda İran böhtan atdı ki, guya Azərbaycan ərazilərində digər qüvvələr yerləşdirilib və guya ki, bu İrana təhlükə yaradır. Əslində, bunlar hamısı uydurmadır və Azərbaycana qarşı qarayaxmadır.
İran 44 günlük Vətən Müharibəsi ərzində durmadan Ermənistana silah-sursatın, yanacağın, ərzağın və digər naməlum məhsulların daşınmasını həyata keçirdi. Həmin zaman orada yaşayan soydaşlarımız bütün dünya azərbaycanlıları kimi birləşdilər və İranın Ermənistana silah-sursat daşımasının qarşısının alınmasına nail oldular. Onların ürəyi hər saniyə Azərbaycanla döyünürdü. Onlar bütün dünya azərbaycanlıları kimi müharibə dövründə Azərbaycanı yaxından dəstəkləyirdilər.
Əlbəttə, indi İran Azərbaycanla təhdid dili ilə danışa bilməz. Nəinki İran, Azərbaycanla heç kim bu cür danışa bilməz. Azərbaycanın gücünü, qüdrətini 44 günlük Vətən Müharibəsində gördülər. Digər bir tərəfdən, İran siyasətçiləri unutmamalıdırlar ki, orada yaşayan 30 milyondan çox soydaşımız bu gün də Azərbaycanın yanındadır. Onların ürəyi hər gün Azərbaycanla döyünür. İran rəsmiləri bundan ciddi nəticə çıxarmalıdırlar. Onlar bizlə nə təhdid dili ilə danışa bilməzlər, nə də ki bizə qarşı qarayaxma kampaniyası apara bilməzlər. Yaxşı olar ki, İran öz daxilindəki problemlərlə məşğul olsun. Azərbaycanı heç bir qüvvə müstəqil siyasət aparmaqdan döndərə bilməz".
Murad İbrahimli