Bakıda "Məişət zorakılığı media müstəvisində" mövzusunda keçirilən təlim başa çatıb.

Unikal.org xəbər verir ki, avstriyalı ekspertlər Manuela Harqassner-Delpos və Tomas Heynlen media nümayəndələrinə mövzu barədə ətraflı məlumat veriblər.

Təlimdə iştirakçılarına məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, bu məsələ ilə bağlı məlumatların yayılmasında jurnalistlərin rolu və gender zorakılığı anlayışı barədə informasiya verilib, fikir mübadiləsi aparılıb.

Həmçinin məişət zorakılığının yazılı formada işıqlandırılmasına dair təlimatlar verilib. Gender stereotipləri ilə bağlı sorğular keçirilib. İştirakçılar arasında müvafiq sahə üzrə qanunvericilik mövzusunda qrup işləri təşkil olunub.

Sonda Avropa İttifaqının Tvinninq üzrə rezident məsləhətçisi Laurinas Totaraitis iştirakçılara sertifikatları təqdim edib.

Qeyd edək ki, təlim Avropa İttifaqının “Azərbaycanda məişət zorakılığı qurbanlarına dəstəyin gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub. Təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.