Əfqanıstan əhalisinin yarıdan çoxu 2021-2022-ci illərin qışında "böhran" və ya "ifrat" səviyyədə ərzaq çatışmazlığı yaşayacaq.
Unikal.org xəbər verir ki, bu barədə məlumat Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və BMT Ümumdünya Ərzaq Proqramının (WFP) birgə hesabatında yer alıb.
Bildirilib ki, quraqlıq, silahlı qarşıdurma, COVID-19 pandemiyası və iqtisadi böhran Əfqanıstanın ərzaq əldə etməsinə mənfi təsir göstərib.
İlin sonunadək kəskin aclıq beş yaşınadək təxminən 3,2 milyon uşağa təsir edə bilər və onlardan təxminən 1 milyonu ehtiyac duyduğu təcili yardımı almazsa ölə bilər.
"İnsanları vədlərlə doyura bilmərik: maliyyə öhdəlikləri real pula çevrilməli və beynəlxalq ictimaiyyət nəzarətdən sürətlə çıxan bu böhranı aradan qaldırmaq üçün birlikdə çalışmalıdır", - deyə WFP-nin icraçı direktoru Devid Bizlei bildirib.
Əfqanıstan əhalisinə yardım göstərmək üçün hər ay təxminən 220 milyon dollar tələb oluna bilər. FAO bu il 3,5 milyondan çox insana yardım edəcəyini və Əfqanıstan xalqının təcili yardım üçün 11,4 milyon dollara və 2022-ci il kənd təsərrüfatı mövsümü üçün 200 milyon dollara ehtiyacı olacağını açıqlayıb.