UNEC-də Zəfər Günü münasibətilə “Qarabağ mövzusu dünya kitabxanalarında” layihəsinə start verilib.
Universitetdən Unikal.org-a verilən məlumata görə, UNEC-in Kitabxana İnformasiya Mərkəzinin reallaşdırdığı layihədə dünya kitabxanalarında Qarabağla bağlı kitablar, nəşrlər, biblioqrafik məlumatlar araşdırılacaq.
Layihədə ilk olaraq, dünyanın ən böyük və ən zəngin kitabxanalarından olan ABŞ Konqress Kitabxanası (Library of Congress) araşdırılıb. Kitabxanada ümumilikdə 936 nəşr, o cümlədən 862 kitab, 15 dövri nəşr, 43 xəritə və s. haqqında məlumat aşkarlanıb. Bunlardan 98-i Azərbaycan, 204-ü rus, 226-sı ingilis, 335-i erməni dilində, 25-i isə Türkiyə tükcəsində olan nəşrlərdir.
Təəssüflər olsun ki, kataloqda əks olunan nəşrlərin böyük hissəsi erməni müəllifləri tərəfindən yazılan və ya Ermənistanın mövqeyini əks etdirən kitablardır. Belə ki, Konqress Kitabxanasının elektron kataloqunda 279 adda erməni dilində, 70 adda rus dilində Ermənistanda nəşr olunmuş kitabın təsviri öz əksini tapıb.
Kataloqda həmçinin Azərbaycanda çap olunmuş rus dilində 54 adda, Ermənistanda çap olunmuş 70 adda, Rusiyada çap olunmuş 67 adda kitabın biblioqrafik təsvirinə rast gəlmək olur.
Bu kitablardan ən qədimi 1890-ci ildə çap olunmuş, müəllifi Radde Gustav [Ferdinand Richard] olan 56 səhifədən ibarət "Karabagh" əsəridir.
Maraqlı faktlardan biri də odur ki, Kitabxanada Əhmədbəy Cavanşirin (1828-1903) 1961-ci ildə Azərbaycan SSR EA-nın nəşriyyatında çap olunmuş “Qarabağ Xanlığının siyasi vəziyyətinə dair (1747-ci ildən 1805-ci ilə qədər)” kitabının 1993-cü ildə Toronto Universitet Kitabxanası tərəfindən hazırlanan mikrofilmi saxlanılır.
Qarabağ mövzusunda ən yeni nəşrlər isə Azərbaycan dilində 2020-ci ildə çap olunmuş UNEC-in professoru Hidayət Cəfərovun “Qədim Qarabağ (tarixi-arxeoloji tədqiqat): tunc və erkən dəmir dövrü” və Akif Mariflinin “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Türkiyə münasibətlərində” adlı kitablarıdır.
Araşdırmadan nəticə çıxararaq, dəyərli alim və yazarlarımızı Azərbaycanın tarixən əzəli torpağı olan Qarabağ haqqında xarici dillərdə daha çox əsərlər yazmağa və aidiyyatı qurumları, diaspora təşkilatlarını belə əsərləri geniş ictimaiyyətdə təbliğ etməyə, xaricdə tanıtmağa səsləyirik.