«Aqrolizinq»in pullarını Əli Bayramov hara xərcləyir?
13:14 15-02-2013
İQTİSADİYYAT
Prezident İlham Əliyev üç gün əvvəl keçirilən müşavirədə kənd təsərrüfatı ilə bağlı məsələlərə də xüsusi toxundu və bu zaman fermerlərə qarşı yol verilən bəzi qanunazidd əməllərlə bağlı çıxış elədi. Ölkə başçısı bu məsələ ilə bağlı da olduqca kəskin xəbərdarlıqlar etdi.
Dövlət rəhbəri aqrar sektora dövlətin hərtərəfli dəstəyini xüsusi vurğulayıb, daha sonra isə bildirib: «Hər bir dövlət fermerləri dəstəkləməlidir. Hər bir dövlət subsidiyaları verməlidir. Biz də bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm də kreditlər çoxşaxəlidir. Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə onları mənimsəyir, özünə götürür. Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi dövlət məmurlarının cibinə gedir. Bəzi hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi, torpaq sahələri artırılır ki, subsidiyalar daha çox götürülsün. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə biz tam şəffaflığı təmin etməliyik».
Daha sonra ölkə başçısı deyib: «Yaxın aylarda subsidiyaların verilməsində birinci növbədə əldə edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər verilsin, müsbət tərəfləri ilə yanaşı, nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə mən xüsusilə fermerlərə müraciət edirəm, onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına, hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və yerli icra orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq bilək ki, onları narahat edən məsələlər nədir. Mən bilirəm ki, burada problemlər var, şəffaflıq lazımi səviyyədə təmin edilməyibdir. Bu nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə nə qədər çatmalıdır, o qədər də o, bunu almalıdır. Heç kim onun puluna gözünü dikməsin!»
Prezidentin bu kəskin iradlarından və sərt xəbərdarlığından öz payını götürməli olan qurumlardan biri heç şübhəsiz, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətidir. Məsələ burasındadır ki, xüsusilə ölkəyə kənd təsərrüfatı texnikasının gətirilməsində qeyri-şəffaflığın əsas məsuliyyətini bu qurum daşıyır. Eyni zamanda fermerlərin Əli Bayramovun rəhbərlik etdiyi səhmdar cəmiyyətdən digər çoxsaylı şikayətləri də mövcuddur.
Mətbuat «Aqrolizinq»in sözün əsl mənasında korrupsiya yuvasına çevrildiyi barədə dəfələrlə yazıb, yazmağa da davam edir. Artıq xaricdən alınan kənd təsərrüfatı avadanlıqlarının qiymətlərinin baha olması, xərclənən pulların
qeyri-şəffaflığı prezident yanında keçirilən müşavirədə də dilə gətirilirsə, əlavə şərhə ehtiyac qalmır.
Eyni zamanda, «Aqrolizinq» rəhbərinin Bakının «Vorovski» kimi tanınan qəsəbəsində 3 milyonluq mülkü, Novxanıdakı dəbdəbəli imarəti, Bilgəhdə dəniz sahilində yerləşən villanı necə əldə etdiyi barədə sualın cavabı da aydındır. Bu, məhz «Aqrolizinq»də iri məbləğlərlə ifadə olunan dövlət vəsaitlərinin qeyri-şəffaf xərclənməsinin nəticəsidir. Çünki qeyri-şəffaflıq məhz korrupsiya, mənimsəmə, yeyinti deməkdir!
Təsəvvür edin: «Aqrolizinq» rəhbərinin və ailə üzvlərinin xidmətində üç ədəd bahalı, son model «Lexus» markalı avtomobillər var. Bəyəm, bir səhmdar cəmiyyət sədri olub, oradan alınan maaşla bu lüks avtomobilləri əldə etmək mümkündürmü? Əlbəttə, xeyr. Həmin «inomarka»ların pulunun da haqqında danışılan qeyri-şəffaf xərcləmələrdən qaynaqlandığını bilmək o qədər də çətin deyil.
İnanırıq ki, prezidentin «nöqsanlar araşdırılsın!» tapşırığından sonra onun göstəriş verdiyi aidiyyatı qurumların araşdırmaları, təftişləri zamanı bütün bu sadaladığımız və sadalamadığımız xüsuslar dərindən analiz ediləcək, «Aqrolizinq» və onun rəhbəri Əli Bayramovun fəaliyyətinə lazımi
qiymət veriləcək. Əks halda, fermerlərin narazılığı da davam edəcək, aqrar sektordakı axsamalar da.
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35