Romada G20-nin Sammiti keçirilir.
Unikal.org xəbər verir ki, iqlim dəyişikliyi və COVID-19 pandemiyası dünyanın ən güclü iqtisadiyyatlarını təmsil edən ölkə liderlərinin Romadakı gündəmində olan əsas mövzulardır.
Pandemiya başladığı müddətdən bəri ilk dəfədir ki, G20 liderləri bir araya gəlir. İki gün davam edəcək sammitdə iştirak üçün ÇXR Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin Romaya gəlməyib. Onlar video formatda Sammitə qatılırlar.
Məlumata görə, Sammitin yekunu olaraq qəbul ediləcək kommunike layihəsində G20 ölkələrinə qlobal temperaturun 1.5C dərəcə səviyyəsinə qədər yüksəlməsinin məhdudlaşdırılması istiqamətində işləmək tövsiyyə olunur, lakin Sammitdə heç bir hüquqi qüvvəyə malik razılaşmanın əldə olunmayacağı bildirilir.
Sammitin digər bir mövzusu COVID19 pandemiyası və peyvəndlərin ədalətli şəkildə paylanması ilə bağlıdır. Dünyada altı milyarddan çox COVID-19 peyvənd dozası paylanılsa da, G20-yə ev sahibliyi edən İtaliyanın Baş naziri Mario Draqiyə 160-dan çox sabiq dövlət və hökumət başçıları və qlobal ictimai fiqurlar tərəfindən ünvanlanan məktubda aşağı gəlirli ölkələrdə insanların yalnız 2% -nin peyvənd olunduğu bildirlib.
Bildirilir ki, Sammitdə ABŞ prezidenti Co Bayden qiymətlərin qalxması fonunda ölkələri enerji istehsalını artırmağa, habelə gələcək pandemiyaların qarşısını almaq üçün planı müzakirə etməyə təşviq edəcək.
G20-nin həmçinin dünyanın 140 ölkəsi tərəfindən dəstəklənən ən azı minimum 15%-lik qlobal korporativ vergi dərəcəsini dəstəkləməsi gözlənilir.