Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev inauqurasiya günü ərəfəsində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə telefonla zəng edib.
Unikal.org xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Söhbətin əvvəlində Azərbaycan Prezidenti Özbəkistan dövlətinin başçısını ölkə Prezidenti seçkilərində inamlı qələbə münasibətilə səmimi təbrik edib, özbək xalqının əmin-amanlığının və firavanlığının təmin edilməsi işində ona uğurlar arzulayıb.
Özbəkistan lideri də öz növbəsində dövlət başçısını və Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edib, sülh və tərəqqi arzularını çatdırıb. Dövlətimizin başçısı təbrikə görə təşəkkürünü bildirib.
Söhbət zamanı Özbəkistan-Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinin və çoxplanlı əməkdaşlığın genişləndirilməsinin aktual məsələləri müzakirə edilib. Dövlət başçıları qarşılıqlı ticarət göstəricilərinin və iqtisadiyyatın müxtəlif sahələrində müştərək layihələrin sayının artmasının davamlı dinamikasını məmnunluqla qeyd ediblər. Uğurlu kooperasiya nümunələri kimi bu il Hacıqabul şəhərində avtomobillər istehsalına başlanması, kənd təsərrüfatı və ipəkçilik sahəsində layihələr qeyd edilib.
Bildirilib ki, gələn ay Bakı şəhərində Özbəkistanın milli sənaye sərgisi keçiriləcək. Hökümətlərarası komissiyanın və İşgüzar Şuranın növbəti iclaslarına hazırlıq gedir.
Nəqliyyat-kommunikasiya sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən paytaxtlar arasında aviasiya reyslərinin bərpası məsələləri də nəzərdən keçirilib. Özbəkistan və Azərbaycan ərazisində müntəzəm olaraq birgə mədəni-humanitar tədbirlərin keçirilməsinin vacibliyi vurğulanıb.
Prezidentlər regional qarşılıqlı fəaliyyətin ən mühüm aspektləri, o cümlədən Türk Şurasının qarşıdakı Zirvə görüşünün gündəliyi barədə fikir mübadiləsi aparıblar. Yüksək səviyyədə görüşlərin qrafiki nəzərdən keçirilib.