Azərbaycanın bütün bölgələrində olduğdu kimi, Sabirabad rayonunda da,  İkinci Qarabağ müharibəsinin qələbə ilə sona çatmasının birinci ildönümü- Zəfər Günü qeyd edilir. Sabirabad rayonunun mərkəzi meydanında keçirilən tədbirdə 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, rayon icra başçısı Siraqəddin Cabbarov,  YAP rayon təşkilatının sədri Məleykə Ağayeva, rayon ictimaiyyətinin nümayəndələri ilə yanaşı Vətən müharibəsi qaziləri və şəhid ailələri də iştirak etmişdir.

Unikal.org xəbər verir ki, tədbir iştirakçıları ilk öncə  rayonun mərkəzi meydanında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsini, daha sonra Sabirabad rayon Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət ediblər. Tədbirdə çıxış edən Əhliman Əmiraslanov qeyd etmişdir ki: “Məhz keçən il  Müzəffər Ali Baş Komandanın və Milli Ordumuzun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası olan Qarabağ torpaqları azad edilərək, dövrümüzün hünər, rəşadət, igidlik və şücaət salnaməsinə çevrildi. Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. 44 günlük müharibədə Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü”.

Komitə sədri Azərbaycan dövlətinin hər zaman vətəndaşının yanında olduğunu qeyd edərək bildirmişdir ki: “Prezident İlham Əliyevin sərəncamları ilə   Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin yüzlərlə hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif olundular. Bu dövlətimiz, xalqımız tərəfindən onların fədakarlığına verilən qiymət idi. Bu gün döyüşlərdə həlak olmuş şəhidlərimizin ailələrinin, yaralanmış qazilərimizin sosial müdafiəsi istiqamətində böyük işlər görülür, onlar mənzillərlə, avtomobillərlə təmin edilir, digər problemləri həll edilir, sağlamlıq durumlarınını bərpası üçün tədbirlər görülür”.