"Maaş və pensiyaların artımlarının təxminən 20-40 faiz intervalında olacağı proqnozlaşdırılır".
Bunu Unikal.org-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.
Deputat bildirib ki, 2022-ci ildə kifayət qədər böyük məbləğli, irimiqyaslı sosial paketin təqdim olunması nəzərdə tutulur.
"Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlamalar verildi. Ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılır. Yaşayış minimumu növbəti il üçün 210 manat təklif olunur. Eyni zamanda minimum əməkhaqqı 250 manatdan 300 manata çatdırılacaq. Praktiki olaraq minimum əmək haqqı və minimum pensiya, digər ehtiyac meyarı yaşayış minimumunda gələn il artımların olacağını müşahidə edəcəyik. Sosial paket çərçivəsində əmək haqqı və təqaüdlərdə artımın 20-40 faiz intervalında olacağı gözlənilir. Bununla bağlı detallar yaxın zamanlarda bəlli olacaq".
V.Bayramov əlavə edib ki, orta aylıq əməkhaqqında, orta aylıq pensiyada və büdcədən maliyyələşən vətəndaşlarımızın əməkhaqqında artımların olacağı proqnozlaşdırılır.
"Çünki 2022-ci ildə ilk dəfə olaraq sosial xərclər dövlət büdcəsi xərclərinin 46 faizdən çoxunu formalaşdıracaq. Bu o deməkdir ki, büdcədən ayrılan hər 100 manatın 46 manatdan çoxu sosial istiqamətə ayrılacaq. Sosial paketin maliyyələşdirilməsi üçün vəsait dövlət büdcəsində nəzərdə tutulub. Bu da təbii ki, sosial istiqamətə daha çox vəsait ayrılması anlamına gəlir".
Anar Kəlbiyev