Ötən gün maliyyə naziri Samir Şərifovun Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı heç bir ərzaq məhsulunun rüsumunda bir qəpik də olsun artımın olmadığını deyib. "Ərzaq məhsullarının qiymətinə təsir edəcək dövlət rüsumlarında artım yoxdur. Bu, tamamilə əsası olmayan uydurmalardır", - deyə nazir bildirib.
İclasda deputatlar ərzaq məhsullarının qiymətinin hər gün artması məsələsinə toxunublar.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov Unikal.org-a bildirib ki, qiymət artımları Dövlət Statistika Komitəsinin elan etdiyi inflyasiya göstəricilərində də öz əksini tapır.
Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin geridə qalan aylarında hər ay əvvəlki aya nisbətən inflyasiya dərəcəsinin yüksək olması müşahid olunub.
"Rəsmi statistikaya görə, bu ilin yanvar ayında 3,3 faiz inflyasiya qeydə alınıbsa, fevralda 3,7, martda 3,9, apreldə 4, mayda 4,2, iyunda 4,3, iyulda 4,5, avqustda 4,8, sentyabrda 5,2 faiz olub. Dinamika göstərir ki, rəsmi inflyasiya statistikasında da qiymət artımları qeydə alınıb. Qiymət artımlarının inflyasiya strukturuna diqqət yetirsək, qiymət artımları daha çox qida məhsulları ilə bağlıdır. Nəzərə alsaq ki, rəsmi statistikada 5,2 faiz inflyasiya elan olunub, amma ərzaq məhsullarında bu rəqəm 6 faiz olub. Tütün məhsullarının qiyməti isə 10 faiz artıb. Spirtli içkilərin qiymətində də artımlar müşahidə olunub".
Milli Məclisin üzvü qeyd edib ki, kommunal tariflərin artırılması bazara təsir göstərdi.
"Bir sıra hallarda qiymətlərin süni şəkildə artırılması müşahidə olunur. Bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi çox vacibdir. Amma idxal inflyasiyası da var. Azərbaycan istehlak etdiyi məhsulların təxminən 65 faizini xaricdən idxal edir. Xüsusən ərzaq məhsullarında bu pay yüksəkdir. Xaricdə qiymət artımları müşahidə edilən zaman daxili bazara təsir göstərir".
Anar Kəlbiyev