ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Şafer, Fransadan Bris Rökföy və Rusiyadan İqor Xovayev) Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Unikal.org xəbər verir ki, bu barədə həmsədrlərin bazar ertəsi yaydıqları birgə bəyanatda deyilir.
“Həmsədrlər regionda son insidentləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələri dərin narahatlıqla izləyirlər. Həmsədrlər bütün tərəfləri təcili olaraq konkret tədbirlər görməyə çağırırlar”, - bəyanatda deyilir.
Həmsədrlər, tərəfləri, həmçinin, 2020-ci il noyabrın 9-da imzalanmış tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında birgə bəyanatla bağlı öhdəliklərə ciddi əməl etməyə çağırıblar.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 14-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində vəziyyəti gərginləşdirmək məqsədilə təxribata cəhd göstərib. Onlar noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.