Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsində həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanılaraq istintaqı aparılır.
Bu barədə "Unikal"a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
A.Hüseynzadə Cinayət Məcəlləsinin 314.2 ( səhlənkarlıq-eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvət alma- təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Məlumata görə, qısa müddət ərzində qeyd edilən cinayət işi üzrə istintaqın yekunlaşdırılaraq məhkəməyə göndərilməsi təmin ediləcək.