Vahid Ələkbərovun milyarderlik hekayəsi; “LUKoyl” rəhbəri sərvətini necə yığıb?
12:13 16-02-2013
İQTİSADİYYAT
Onun illik maaşı 2,225 milyon dollardır. “Forbes” in qiymətləndirməsinə görə, 2012-ci ildə varidatı 13,5 milyard dollar təşkil edib. Milyoderlərə xas zirehli “Mercedes”də gəzir, bahalı qol saatları taxır. Bununla belə diqqətə çarpmamağa çalışır. Söhbət Bakının Razin qəsəbəsində kasıb neftçi ailəsində anadan olan, hazırda dünyanın ən böyük neft şirkətlərindən birinə rəhbərlik edən Vahid Ələkbərovdan gedir.
Publika. Az “Milyonçu” layihəsi çərçivəsində “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərovun milyonlara necə sahib olmasını təqdim edir.
18 yaşından işləməyə başlayır
Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərinin Stepan Razin qəsəbəsində (hazırkı Bakıxanov qəsəbəsi) neftçi ailəsində anadan olub. Ailənin 5-ci uşağı olan V.Ələkbərovun özündən böyük 3 bacısı və Vaqif adlı qardaşı var idi. Atası Yusif Ələkbərov isə II Dünya Müharibəsi veteranı olsa da neftçi işləyirdi. V.Ələkbərovun 3 yaşı olanda atası Yusif Ələkbərov rəhmətə gedir. Anası rus əsilli Tatyana Fyodrova övladlarını təkbaşına böyütməyə məcbur olur. Mənbələrə görə, V.Ələkbərov uşaqlıqdan təhsilə meyilli olub. Hətta digər uşaqlarla onyamağa getməsi üçün bacısı onu evdən qovurmuş. Məktəbi yüksək göstəricilərlə bitirən V.Ələkbərov 18 yaşında işləməyə başlayır.
1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunur. Təhsili ilə bərabər "Kaspmorneft" neft-qaz hasilatı birliyində operator işləyir. 1974-cü ildə inistitun "Mədən mühəndis texnikası, neft və qaz yataqlarının kompleks mexanikləşdirilməsi" fakültəsini bitirən Ələkbərov 1979-cu ilə qədər "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. 1979-cu ildə Qərbi Sibirə göndərilir. Müxtəlif illərdə neft emalı və hasilatı ilə bağlı dövlət müəssisələrində baş vəzifələrdə işləyir. 1987-1990-cı illərdə Koqalım şəhərində “Koqalımneftqaz” İstehsalat Birliyində baş direktor kimi çalışır. Yeri gəlmişkən, hələ də bu şəhər onun adı ilə bağlıdır. Belə ki, o zaman İstehsalat Birliyinin işçiləri vaqonlarda yaşayırdılar. Ələkbərov onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Nəticədə Koqalımda əhali digər neft şəhərlərdən daha zəngin və rahat yaşamağa başlayırlar. Çox aktiv olan gələcəyin iş adamı Rəsmi Kremlin diqqətini çəkir. 1991-ci ildə SSRİ Neft və Qaz Sənayesi nazirinin müavini vəzifəsinə dəvət edirlən Ələkbərov birinci müavinliyə qədər yüksəlir. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə “Lanqenpasneftqaz”, “Urayneftqaz” və “Koqalımneftqaz” arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradır.
Məhz bu şirkət sonradan "LUKoyl" kimi fəaliyyətini davam etdirir. V.Ələkbərov 1993-cü ildə "LUKoyl" Açıq Səhmdar Cəmiyyətinin prezidenti seçilir. Bu arada "LUKoyl"u yaratmaqda iş adamına hazırkı milyonçular Leonid Fedun və Nikolay Tsvetkov kömək etdiyi deyilir.
1995-ci ildə Ələkbərov İmperial" bankının direktorlar şurasının sədri seçilir.Elə həmin il Yanacaq və Energetika Nazirliyinin heyətinə daxil olur.
Neft maqnatı olmaq arzusu
Ölkənin neft maqnatına çevrilmək arzusu V.Ələkbərovda 1990-cı ildən yaranıb. O zaman BP-nin menecerlərindən olan Rondo Fellberq adlı şəxsin xatirələrinə görə, SSSR-nin dağılmasından sonra "British Petroleum" sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir.Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o bu heyətin rəhbəri seçilir. R. Fellberq deyir ki, tədbirdə müzakirələrin gedişatını dərhal ələ alan Ələkbərov BP rəhbərliyinə müasir neft şirkəti necə yaratmağın yolları barədə suallar verir: “Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə baxmayaraq Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqısı biznes naharını belə ödəməyə yetərli deyildi”.
"LUKoyl" necə yaranır?
Qeyd etdiyimiz kimi, 1991-ci ilin noyabrında Sovet İttifaqının süqutundan bir neçə həftə əvvəl Nazirlər Şurası tərəfindən "LUKoyl" yaradılır. Yeni şirkət 3 neft yatağını işlədən müəssisəni "Lanqepas", "Urai" və "Koqalım"ı özündə birləşdirirdi. Ələkbərov SSRİ neft və qaz sənayesi nazirinin birinci müavini vəzifəsindən istefa verərək “LUKoyl” şirkətinin prezidenti və baş icraçı direktoru olur. Əslində “LUKoyl”un yaradılması o zaman neft sektorundakı xaosdan doğur. Belə ki, Sovet İttifaqında neft hasilatı, emalı və istehlakçılara çatdırılmasına üç müxtəlif nazirlik nəzarət edirdi. Hər bir təşkilat öz mənafeyini güddüyündən bu istehsalçıların maraqları ilə üst-üstə düşmürdu. Bütün bu məsələlər də nəticə etibarilə neft sənayesinin süqutuna gətirib çıxarırdı. Ələkbərov “LUKoyl”u yaratmaqla neft şirkətlərinin vertikal-şaquli inteqrasiyası sxemini reallaşdırdı ki, bu sxemə əsasən neft hasilatı, emalı, nəqli və satışı bir şirkətin tavanı altında birləşirdi. Əslində Ələkbərov “nefq quyusundan yanacaqdoldurma məntəqəsinədək” ideyasını gerçəkləşdirməklə yeni heç nə kəşf etməmişdi. Çünki həmin vaxt analoji praktikadan İtaliyanın neft şirkəti ENİ də istifadə edirdi.
Onun "LUKoyl"un səhmlərini necə ələ keçirməsi hələ də müəmmalıdır
Sovet sənayesi əsasında yaradılmış digər şirkətlər kimi, "LUKoyl" da Rusiyanın dövlət əmlakı hesab edilirdi. Dağılmaqda olan Sovet İttifaqının dövlət aktivlərinin özəlləşdirilməsini tənzimləyən qanunlar isə son dərəcə sadə idi. Daha doğrusu, onlar yox səviyyəsində sayılırdı. 1993-cü ildə “LUKoyl” səhmdar cəmiyyət elan edildi və səhmləri firmanın işçiləri arasında paylandı. Lakin “LUKoyl” a daxil olan müəssisələrin işçilərinin böyük hissəsi səhmləri kağız parçası hesab edib satışa çıxardılar. Mənşəyi bəlli olmayan bir sıra şirkətlər “LUKoyl”un qiymətli kağlzlarını almağa başladılar. Qiymətli kağlzlar bazarı üzrə analitiklər hələ də Vahid Ələkbərovun şirkətin səhmlərinin böyük hissəsini necə əldə etməsi üzərində baş sındırırlar.
“LUKoyl”un səhm paketi ilk dəfə 2002-ci ildə açıqlanır
Yeri gəlmişkən, “LUKoyl” öz menecerlərinə məxsus səhmləri açıqlamaqda maraqlı deyil. Düzdür, bəzən cənab Ələkbərov jurnalistlərə təxmini rəqəmlər deyir. Amma şirkətdə kimin payı nə qədərdi bəlli deyil. “LUKoyl”səhm paketinin sturkturu ilk dəfə 2002-ci ildə açıqlanıb. Belə ki, göstərilən ildə “LUKoyl”un səhmləri London birjasında satışa çıxarıldığı zaman Ələkbərov özünə məxsusu qiymətli kağızların həcmini rəsmi açıqladı. O zaman səhmlərin 10,38 faizinin Vahid Ələkbərova, 4,62 faizinin Leonid Feduna məxsus olduğu ortaya çıxdı. Ələkbərova məxsus səhmlərin həcminin azlığı hər kəsi heyrətləndirdi.
Hazırda Qazaxıstan, Misir, Azərbaycan, Özbəkistan, Səudiyyə Ərəbistanı, İran, Kolumbiya, Venesuela, İraqda kəşfiyyat və bir sıra istehsal layihələri həyata keçirən şirkətin səhmlərinin 20% -nin iş adamına məxsus olduğu deyilir. Ələkbərovun səhmlərin dəyəri 12,361 milyard dollar səviyyəsində qiymətlənidrilir.
İllik maaşı 2,225 milyon dollardır
V. Ələkbərov Rusiyanın ən varlı adamlarından sayılır. Rusiya milyonçularının əksəriyyətinin adı “Forbes”in siyahısına son illərdə düşsə də jurnal V. Ələkbərovun pulunu 1996-cı ildən sayır. Həmin ildə “Forbes” iş adamının sərvətini 1,4 milyard dollar dəyərləndirib. V. Ələkbərovun maaşının həcmi ilk dəfə 2002-ci ildə ictimailəşdirilib. Həmin vaxtdan 5 illik müqaviləyə əsasən “LUKoyl” prezidentinin əməkhaqqısı 1,5 mln. dollar təşkil edir. Bura illik bonus da əlavə edildikdə V. Ələkbərovun rəsmi maaşı 2,225 mln. dollara çatır.
Rusiyanın taleyi belə həll olunur
Yenə də “Forbes”in araşdırmalarına əsasən 2009-cu ildə V.Ələkbərovun varidatı 7,8 milyard dollar olub. O dünyanın ən varlı adamlarının siyahısında 57-ci yerdə qərarlaşıb. 2010-cu ildə Ələkbərovun varidatı 10,6 milyard dollar ( Rusiyanın 7-ci ən varlı milyonçusu), 2011-ci ildə 13,9 milyard dollar (Rusiyanın 8-ci ən varlı milyonçusu) təşkil edib. 2012-ci ildə “Forbes” onun sərvətini 13,5 milyard dollar olduğunu açıqlayıb. “Fortune Global 500” isə "LUKoyl"ın illik gəlirinin 111 mlrd. dollar olduğunu bildirir.
“Media Group”a nəzarət edir
Ələkbərov və onun ortağı L. Fedun təkcə neft sektorunda pul qazanmağa maraqlı deyillər. Onlar "Rusiya Media Group"a da nəzarət edirlər. Bildirək ki, “Media Group”a "Rusiya Radiosu", "Hit-FM», “Maksimum”, DFM, “Monte Carlo” və musiqi kanalı RU.TV daxildir.
Vahid Ələkbərov necə xarakterizə edilir
İş adamını işgüzar dairələrdə baxışlarına görə, hörmət alaməti kimi “don” adlandırırlar. Hətta o salamlaşarkən, əlini öpdürürmüş kimi uzadır. Ələkbərov sakit və aramla danışır.Sözləri tələffüz edərkən səs tonunu azaldaraq sanki həmsöhbətlərinə “siz məni dinləyin” mesajını verir.İş adamının mühüm personasından xəbər verən digər amil “LUKoyl” ın Moskvanın mərkəzindəki şuşə və poladdan tikilmiş ofisidir. Ələkbərovun titan və şüşədən düzəldilən iş stolunun üzərində isə səliqə səhman hökm sürür. Çünki maqnat səliqəsizliyi heç sevmir. Maraqlı məqamlardan biri də onun otağındadakı yeganə protretdir. Hansı ki, bu da Rusiya baş nazirinin aq-qara fotosudur.
Zirehli avtomobildə gəzir
Ələkbərov bahalı saat taxır. Komfortlu sakit həyat keçirir.Özünü reklam etməyi sevmir. Milyarderlərə xas olan zirehli “Mercedes”də gəzir. Onun avtomobili daim mühafizə tərəfindən müşayət olunur.Şəxsi təyyarəsi yoxdur. Düzdür, bütün rusiyalı milyarderlər kimi o da “YAK 142” sifariş verib. Amma təyyarənin üzərinə “LUKoyl” yazdırıb. Bir sözlə, V.Ələkbərov özünü elə aparmağa çalışır ki, sanki sezilmək istəmir.
Onun sərvəti ərəb şeyxlərinin sərvətindən heç də kəm deyil
İş adamı Larisa Ələkbərova ilə evlidir. Onların Yusif adlı 1 övladları var. Yusif 1990-ci ildə dünyaya gəlib. Atası kimi o da təbii resurslarla maraqlanır. 2012-ci ildə Dövlət Neft və Qaz Universitetinin "neft yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə məzunu olub. İş adamının hobbisi səyahətdir. Dincəlməklə bağlı məkan seçimində isə Krıma üstünlük verir. V. Ələkbərov iqtisadiyyat elmləri doktoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvüdür.
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00