Mingəçevirdə 16 yaşlı Xocalı sakinini öldürən şəxsin kimliyi məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, həmin şəxs Ağdam rayonu Abdalgülablı kənd sakini Qasımov Əlixan Nuxa oğludur. O tapançadan açdığı atəşlə Xocalı rayon sakini olan 16 yaşlı məktəbli Kərimov Orxan Tofiq oğlunu öldürüb.
Ə. Qasımov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hadisənin səbəbləri hələki məlum deyil.
xxx
21:10
Mingəçevirdə qətl hadisəsi baş verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə "Energetiklər" yaşayış massivində məcburi köçkünlərin məskunlaşdığı "Yeni həyat" qəsəbəsində qeydə alınıb. Belə ki, ərazidə olan park ərazisində iki şəxs arasında düşən mübahisə zəminində orta məktəb şagirdi güllələnib. Belə ki, qəsəbənin sakini əvvəllər məhkum olunmuş təxminən 40 yaşlarında Əlixan adlı şəxs odlu silahdan qəsəbənin digər sakini Ağdam rayonu 24 saylı orta məktəbin şagirdi Kərimov Orxan Tofiq oğluna atəş açıb. O, təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
E. Muradlı