Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən silsilə oğurluq edən şəxslər müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Unikal"a verilən xəbərə görə, noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2 560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulan R.Məmmədovun ətrafında əməliyyat tədbirləri aparılıb.
Belə ki, onun T.Həmidov və digər bir nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1 700 manat pulunu və 2 000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.