Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə şəhər ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
"Unikal" xəbər verir ki, aparılan yoxlamalar zamanı şəhərin 10-cu mikrorayonunda fəaliyyət göstərən “Bəyaz saray” şadlıq sarayında təşkil edilən toy mərasimində vaksin olunması barədə "Covid 19" pasportu olmadan qonaqların iştirak etməsi müəyyən olunub. Bununla yanaşı, ziyafət məclisində karantin rejimi qaydalarının pozulması halları da aşkarlanıb.
Həmin şadlıq sarayının müdiri İsmayılov Abiş Əbiş oğlu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə ictimai nəqliyyatda, şadlıq evləri və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Gülayə Mecid