Fikrət Yusifov: “Lakin biz təkcə türk şirkətləri ilə kifayətlənməməliyik, beynəlxalq maliyyə qurumlarını, özəl fondları, digər xarici investorları da ölkəmizə dəvət etməliyik”
Məlum olduğu kimi Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait nəzərdə tutulub. Hazırda işgaldan azad olunmuş Qarabağda minaların təmizlənməsi ilə paralel olaraq, dağıdılmış ərazilərin bərpası istiqamətində işlər də aparılır.
Bununla paralel olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” yaradılıb. Bu fond Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İsrail, Macarıstan, İran, İtaliya, Böyük Britaniya və s. işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bəs görəsən Qarabağın bərpası prosesinə beynəlxalq maliyyə qurumlarının, xarici investorların cəlb edilməsi üçün daha hansı addımların atılmasına ehtiyac var?
İqtisadçı alim, sabiq maliyyə naziri Fikrət Yusifov deyir ki, bu istiqamətdə sistemli iş aparmaq lazımdır: “Hesab edirəm ki, bununla bağlı xüsusi qurum təsis edilməlidir. Həmin quruma hökumətin rəhbər şəxslərindən təyinat olunmalıdır. Bu təyinat ya Baş Nazir, ya da Baş Nazirin birinci müavini səviyyəsində olmalıdır. Həmin təşkilat beynəlxalq qurumlarla mütəmadi iş aparmalı, reallıqları təqdim etməli, müraciət edərək ölkəyə dəvət etməlidirlər. Yəni, bu işi hərəkətə gətirmək lazımdır. Bilirsiniz, cənab Prezident Dünya Bankının nümayəndələrini qəbul edərkən görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olundu. Bu çox yaxşı haldır. Azərbaycanın Dünya Bankı ilə uzun illərə dayanan əməkdaşlığı var. Dünya Bankının bütün strukturları ilə Azərbaycan işləyir və Dünya Bankı Azərbaycanı yaxından tanıyır. Amma digər qurumlar, digər investorlar var ki, onlarla iş aparmaq lazımdır, onlara həqiqəti çatdırmaq vacibdir. Bunu da pərakəndə deyil, sistemli formada, müəyyən ardıcıllıqla aparmaq lazımdır. Tutaq ki, hansı qurumlar bərpa işlərinə cəlb edilə bilər, mövcud potensial müəyyənləşdirilməlidir, həmin qurumlara təkliflər təqdim edilməlidir və s. Təqdim olunan təkliflər daha cəlbedici, daha diqqətçəkən olmalıdır. Biz gözləməməliyik ki, kimsə gəlib bizə təklif versin. Düzdür, türk şirkətləri hazırda bərpa prosesində iştirak edirlər. Onlar gəldilər, çünki bizim qardaşlarımızdır, biz müharibə dövründə də yan-yana idik və Qələbəmizin əldə olunmasında da çox böyük payları var. Lakin biz təkcə türk şirkətləri ilə kifayətlənməməliyik, beynəlxalq maliyyə qurumlarını, özəl fondları, digər xarici investorları da ölkəmizə dəvət etməliyik. Çox təəssüf ki, Azərbaycanda bir çox məsələlər pərakəndə şəkildə idarə olunduğundan müsbət nəticə əldə edə bilmirik. Elə götürək, Rusiyada yaşayan azərbaycanlı iş adamlarını. Rusiyada yaşayan imkanlı həmyerlilərimiz arasında qəlbi vətənlə döyünənlər çoxdur və dövlətə maddi dəstəklə bağlı onlar arasında təşkilatçılıq işi aparılmalıdır. Bizim problemimiz bütün bu işləri təşkil edəcək səviyyədə idarəçiliyin olmamasıdır, pərakəndəliyin olmasıdır”.
Ekspert deyir ki, Azərbaycanda hər hansı bir problem yarandığı zaman xaricdəki iş adamlarının bir araya gətirilməsi, yardım kampaniyasının təşkil edilməsi üçün iş aparılmır: “ İmkanlar böyükdür, bizim nəinki tanınan, hətta elan olunmamış, gəlirləri bəyan edilməmiş milyarderlərimiz var. Onlar üçün Qarabağın işğaldan azad edilmiş ərazilərinin bərpasına bir neçə milyon vəsait ayırmaq heç bir problem deyil. Bu işləri lap öz adları ilə görə bilərlər. Qoy bir regionun bərpası hansısa bir iş adamının adı ilə bağlı olsun, onun adına yazılsın. Bunu təşkil etmək lazımdır, bizim bu istiqamətdə iş aparacaq qurumlarımız təkmil deyil. Bizdə ayrı-ayrı iş adamları müəyyən yardımlar etsə də, belə bir təşkilatçılıq yoxdur. Lakin mən əminliklə deyirəm ki, xaricdəki iş adamlarımız belə bir çağırışa məmnuniyyətlə qoşularlar və azad edilən rayonlarımızın bərpası üçün milyardlarla dollar vəsait yığılar”.
Qeyd edək ki, prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib ki, azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırılıb. "Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq. Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq. Beləliklə, bunun başlamasının dəqiq vaxtını söyləmək çətindir. Lakin, proses mərhələli şəkildə başlayacaq. Qeyd etdiyim kimi, birinci mərhələ bir neçə ay davam edəcək".
Gülayə Mecid
İstiqamət: İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb