«Qaçqınkom» hökumətə qarşı narazılıqlar yaradır
Fevralın 15-də Bakıda məcburi köçkünlər aksiya keçiriblər. Belə ki, 150-yə yaxın məcburi köçkün dünən səhər saatlarında Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin binasının qarşısında Tbilisi prospektini bağlayıblar.
Binəqədi rayonunun 9-cu mikrorayon ərazisində yarımçıq tikililərdə məskunlaşan köçkünlər bir müddət əvvəl baş verən güclü yanğından sonra Abşeron rayonu Mehdiabad qəsəbəsində köçkünlər üçün yeni tikilmiş binaların zirzəmisinə köçürüldüklərini bildiriblər. Onlar Dövlət Komitəsindən yaşayış üçün normal şəraiti olan evlərə köçürülmələrini tələb ediblər.
Əraziyə polis qüvvələri gəlib, yol açılıb, avtomobillərin hərəkəti bərpa olunub.
Daha sonra isə aksiya iştirakçılarını «Qaçqınkom»da qəbul ediblər. Məlumata görə, artıq etiraz edən məcburi köçkünlər dinlənilib və onların problemi həll olunub.
Əli Həsənovun komitəsindən bildiriblər ki, etirazçılar qurumdan razılıqla ayrılıblar. Amma…
İşin «əmma»sı ondan ibarətdir ki, olmazdımı Əli Həsənovun komitəsi əvvəlcədən işini elə quraydı ki, bu cür aksiya keçirilməzdi? Axı cəmi bir neçə gün əvvəl ölkə başçısı məmurlara vətəndaşları incitməmək, onların hüquqlarına hörmətlə yanaşmaq tələbi səsləndirmiş və sərt xəbərdarlıq etmişdi. Bunun üstündən çox keçmədən «Qaçqınkom» rəhbərliyinin nöqsanı üzündən Bakıda mərkəzi yollardan birinin bağlanmasına gətirib çıxaran etiraz aksiyası kimə və nəyə lazım ola bilərdi?
Ümumiyyətlə isə etirazçıların səsləndirdiyi tələb yeni sayılmamalıdır. Məsələ burasındadır ki, ölkə mətbuatında «Qaçqınkom»un inşa etdiyi binalarla bağlı şikayətlərin, giley-güzarların ard-arası kəsilmir. Həmin binalarda mənzillərin bölgüsünün düzgün həyata keçirilməməsi, ən yaxşı mənzillərin ya «görüm-baxım», ya da tapşırıqlarla qaçqınlara verildiyi iddiası yeni deyil.
Bu iddiaların heç biri indiyədək təkzib edilməyib. Üstəlik, onları mətbuat öz yanından yazmır, bunlar Əli Həsənovun komitəsinin haqsızlığı ilə üzləşən vətəndaşların öz dilindən yazılır.
Məsələn, hələ ötən il Ağcabədi rayonunda yaşayan bir qrup məcburi köçkün də onlar üçün tikilən evlərlə bağlı narazılıq etmişdi. Əsasən Şuşa, Laçın və Ağdamdan olan məcburi köçkünlər dövlət tərəfindən tikilən evlərin ədalətsiz şəkildə paylanmasından şikayətçi olmuşdular. Onların sözlərinə görə, Qaçqınlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən paylanan evlərə görə bir çox vətəndaşlardan rüşvət tələb edilir. Ağcabədidə bir müddət əvvəl paylanan bu evlərdən rayonda qeydiyyatı olanlara çatmadığı halda, digər rayonlarda qeydiyyatda olan köçkünlərə, hətta köçkün olmayanlara da ev verilib. Həmçinin rayon ərazisində özü ev tikən, yaxud alan məcburi köçkünlərə də dövlət tikdiyi binadan ev verilib.
Bütün bu deyilənlərə isə inanmamaq qeyri-mümkündür. Belə olmasaydı, qaçqınlara tikilən binaların inşasında və onların bölüşdürülməsində qeyri-şəffaflıqlara, hansısa maxinasiyalara yol verilməsə komitə sədri Əli Həsənov nəhəng maddi kapitalı, daşınmaz əmlakı necə əldə edə bilərdi?
Bir müddət əvvəl onun hətta Fransanın Nansi şəhərində Avropanın ən gözəl kral meydanı sayılan Hersoq Stanislasın abidəsi yaxınlığında yerləşən restoranlardan birini satın almaq istədiyinə dair məlumat yayılmışdı. Bildirilirdi ki, xüsusilə yay mövsümü ərəfəsində Nanci şəhərinə turist axını çox olur və restoran fəaliyyəti daha gəlir gətirilən sahələrdən biri kimi qiymətləndirilir. Elə «Qaçqınkom» sədrinin də bu səbəbdən belə bir fikrə düşdüyü vurğulanırdı.
Həsənovun Azərbaycanda, əsasən Bakı və Sumqayıtdakı mülklərinin olması, restoranlarının varlığı da gələn bilgilər arasındadır.
Bütün bunların isə məhz qaçqınlar üçün ayrılan vəsaitlərin və tikilən binaların üzərindən qazanıldığına şübhə yoxdur.
Əvəzində isə qaçqınlar hökumətdən narazı düşür, hətta etirazlarını ən sərt formada (dünən olduğu kimi!) dilə gətirirlər.
Prezidentin son müşavirədəki məlum və sərt xəbərdarlığından sonra da Əli Həsənov və komitəsinin fəaliyyətində müsbətə doğru dəyişiklik olmasa, sonrasını təsəvvür etmək çətin deyil.
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00