“Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək”.
"Unikal" xəbər verir ki, bunu Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”, - dövlət başçısı qeyd edib.
Aşqabadda imzalanan “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş”i barədə danışan İlham Əliyev bildirib:
“Sənəd imzalandı, bunun da çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, üçtərəfli əməkdaşlıq üçün çox gözəl zəmindir və bizim niyyətimizi göstərir. İmzalanmış bu sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından da çox böyük önəmi var”.