"26 noyabr üçtərəfli görüş postmüharibə dövründə Ermənistanla sərhəddə mövcud bir çox problemlərin həll ediləcəyinə dair böyük ümidlər yaradır".
Bunu "Unikal"-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.
Onun sözlərinə görə, bura, sərhədlərin müəyyən edilməsi, mina xəritələrinin verilməsi, nəqliyyat kanallarının açılması, humanitar və bir çox digər məsələlər daxildir:
"Bəyanatda qeyd edildiyi kimi, sərhədlərin delimitasiya və demarkasiyası ədalətlə aparılarsa, gələcəkdə insan tələfatı və vəziyyətin gərginləşməsi riskləri minimallaşdırıla bilər. Çünki, qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşması üçün qarşılıqlı hörmət olmalıdır. Qarşılıqlı hörmət və etimad isə yalnız Ermənistan Azərbaycanın hamılıqla tanınmış ərazi bütövlüyünü, sərhədlərini tanıyarsa, buna hörmətlə yanaşarsa və Azərbaycana qarşı ərazi iddialarına son qoyacağına dair öhdəlik götürərsə, yarana bilər. Bu olmadıqca, heç bir zaman Cənubi Qafqazda davamlı sülh olmayacaq".
Deputat qeyd edib ki, mina xəritələrinin verilməsi əlbəttə bizim marağımızadır
"İnsan ölümləri azalacaq və vətəndaşlarımız öz doğma yurdlarına daha tez qayıda biləcək. Üçtərəfli görüşdə status və ya Azərbaycanın maraqları ziddinə hər hansı bir mövzuya toxunulmur, xüsusilə, avtomobil və dəmir yollarının açılması qeyd edilir. Burada nəzərdə tutulan başlıca yollardan biri məhz Zəngəzur dəhlizidir. Birimiz dəhliz, digərimiz avtomobil və dəmir yolu deyə bilərik, amma eyni anlam daşıyır. Zəngəzur dəhlizinin açılması isə bütün regiona böyük yeniliklər, yeni rəng, yeni nəfəs gətirəcək".
Anar Kəlbiyev