Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid qismində ifadə verən "Portos" MMC-nin rəhbəri Kəmaləddin Abdullayev şirkətə köçürülən 600 min manatı nəğdləşdirərək Şamxal Həsənliyə, 580 min manatı isə Gülər Vəliyevaya verdiyini deyib.
Bundan sonra ifadə verən şahidlər isə istintaq zamanı verdikləri ifadələrini təsdiq ediblər.
Məhkəmədə əvvəlki prosesdə vəkil Cavanşir Süleymanovun Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun, oğlu Şamxal Həsənli və baldızı Gülər Vəliyevanın məhkəmədə dindirilməsi ilə bağlı qaldırdığı vəsatətin təmin olunmadığı elan olunub.
Cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı bildirilib.
Proses dekabrın 2-də davam etdiriləcək.