Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Nurlan Sultanovun məhkəməsi başlayır.
Bu barədə "Unikal"a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, bu il avqustun 24-də rayonun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Kəmalə Sultanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin keçmiş əri 1989-cu il təvəllüdlü Nurlan Sultanovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək azyaşlı uşaqlarının və anasının gözü qarşısında Kəmalə Sultanovanı qəsdən öldürməsinə və cinayətin qarşısını almağa çalışan Kəmalə Sultanovanın anasını itələyərək qəsdən sağlamlığa az ağır zərər vuran bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Nurlan Sultanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 127.2.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.