Şəki Ağır Cinayətlər Məhkəməsində bacısı qızını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Unikal"ın xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il mayın 9-u saat 06 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.
İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.
Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da qadının bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.
Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğularaq öldürüb.
İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.