Azərbaycan Ağsaqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə Şuranın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti - sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavini, millət vəkili Eldar İbrahimov, Şuranın İdarə Heyətinin üzvü, millət vəkili Ağalar Vəliyev və təşkilatın Aparat rəhbəri Ramin Həsənli Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın dəvəti ilə Türkiyədə işgüzar səfərdədirlər.

"Unikal"  xəbər verir  ki,  səfər çərçivəsində dekabrın 14-də nümayəndə heyətini Türk Dövlətləri Təşkilatının Baş Qərargahında qurumun Baş katibi Bağdad Amreyev, müavinləri Ömər Qocaman və Qismət Gözəlov qəbul ediblər. Əlaqələrin daha da gücləndirilməsi məqsədilə keçirilən bu görüşdə təşkilatın üzv və müşahidəçi dövlətləri arasında müxtəlif sahələr üzrə davam edən əməkdaşlıq fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib. Danışıqlar zamanı təşkilatın ötən ay İstanbulda keçirilmiş Zirvə Toplantısının mühüm nəticələrinə toxunulub, artıq Türk Dövlətləri Təşkilatı adı altında fəaliyyət göstərən qurumda əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağı vurğulanıb. Türk Dövlətləri Təşkilatının dünyada artan roluna və beynəlxalq nüfuzuna diqqət çəkən nümayəndə heyətinin üzvləri iki qardaş ölkənin liderləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın əbədi və sarsılmaz dostuluğundan da söhbət açaraq, həmişə  olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı da Türkiyə dövlətinin və xalqının Azərbaycana göstərdiyi güclü dəstəyə görə minnətdarlıqlarını bildiriblər.