Binəqədi rayonunda yeni yaradılan küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.

"Unikal" xəbər verir ki, küçə şəhid jurnalistin yaşadığı ərazidə yerləşir.

Qeyd edək ki, bu ilin iyunun 4-də işğaldan azad olunmuş ərazilərdə çəkilişə gedən qrup Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyevin iyunun 14-də imzaladığı sərəncama əsasən, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.