Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, onlardan ümumilikdə yeddi kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan rayon sakini Zaur Həsənov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı Z.Həsənova məxsus idman çantasından ayrı-ayrı plastik qablarda iki kiloqrama yaxın heroin, 4 kiloqram 465 qram metamfetamin, 75 qram qurudulmuş marixuana və 75 ədəd metadon həbi aşkarlanıb.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə Ağcabədi rayon sakinləri Ramal Əliyev və Rəşad Hüseynov saxlanılıblar. Onlardan 320 qrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.